21 iyul 2026
Məmmədbağır Bağırzadə - 76 (21.07.1950-30.10.2005)
Azərbaycan musiqi mədəniyyətinin sevilən nümayəndələrindən biri, Xalq artisti, müğənni və bəstəkar Məmmədbağır Bağırzadənin anadan olmasının 76 illliyi tamam olur.
1950-ci il iyulun 21-də Bakının qədim Nardaran kəndində dünyaya göz açan sənətkar musiqiyə hələ uşaqlıq illərində böyük maraq göstərmişdir.1975-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin muğam şöbəsinə daxil olan Məmmədbağır Bağırzadə Xalq artisti Əlibaba Məmmədovun və Nəriman Əliyevin siniflərində xanəndəlik sənətinin sirlərinə yiyələnmiş, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmişdir.
1980-ci ildən etibarən "Azkonsert"də fəaliyyət göstərən sənətkar Azərbaycan muğamını və xalq musiqisini ölkəmizdə və xaricdə uğurla təbliğ etmişdir. Rəhbərlik etdiyi "Dilkeş" ansamblı vasitəsilə milli musiqi irsimizin yaşadılmasına və tanıdılmasına mühüm töhfələr vermişdir.
1985-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin solisti kimi fəaliyyət göstərən Məmmədbağır Bağırzadə eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuş, A. Zeynallı adına Musiqi Kollecində gənc xanəndələrin yetişməsinə xidmət etmişdir.
"Darıxıram", "Dözə bilmirəm", "Axtarır gözüm səni", "Olmaz" və digər mahnıları bu gün də dinləyicilər tərəfindən sevilərək dinlənilir.Onun ifasında Oqtay Kazımi, Nəriman Məmmədov, Tahir Əkbər və digər görkəmli bəstəkarların əsərləri xüsusi sənətkarlıqla səslənmişdir.
Məmmədbağır Bağırzadə 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Nadaran qəbirstanlığında dəfn edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sənətkarın oğlu Rəhim Bağırzadə tərəfindən muzeyə hədiyyə olunmuş materiallar xüsusi güşədə nümayiş edilir.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Məmmədbağır Bağırzadəyə aid bəzi materialları təqdim edirik
Ümumi xəbərlər
|