22 iyun 2026
Bülbül - 129 (22.06.1897 - 26.09.1961)
Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük opera müğənnisi, pedaqoq, alim, Azərbaycan vokal məktəbinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 129-cu ildönümüdür.
1897-ci il iyunun 22-də Şuşada dünyaya göz açan Bülbül ilk musiqi təhsilini doğma şəhərində almış, muğam sənətinin incəliklərini dövrünün tanınmış xanəndələrindən öyrənmişdir. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının opera truppasında solist kimi fəaliyyət göstərmiş, 1921-1927-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.
1927-ci ildə dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilən Bülbül burada məşhur vokal ustaları Cüzeppe Anselmi, Delli Ponti və Rafaele Qranidən dərs almış, 1931-ci ildə Milan Konservatoriyasında təhsilini uğurla başa vurmuşdur.O, İtaliyada oxuyan ilk azərbaycanlı vokalçılardan biri idi. O, həmçinin Azərbaycan musiqi folklorunun toplanması, tədqiqi və qorunması istiqamətində mühüm xidmətlər göstərmiş, aşıq sənətinin öyrənilməsi və təbliği sahəsində böyük işlər görmüşdür.
Görkəmli sənətkar səhnə fəaliyyətində böyük uğurlar qazanmış, "Koroğlu", "Əsli və Kərəm", "Leyli və Məcnun", "Aleko", "Toska", "Riqoletto" və digər operalarda yaddaqalan obrazlar yaratmışdır. Onun ifaçılığı Azərbaycan opera sənətinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Bülbül 1961-ci ildə sentyabrın 26-da Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Bülbülün həyat və yaradıcılığını əks etdirən bəzi materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|