az | ru | en

14 iyun 2026


HƏBİB BAYRAMOV - 100
(14.06.1926-15.08.1994)


Bu gün unudulmaz sənətkar, mahir tarzən, Xalq artisti Həbib Bayramovun 100 yaşı tamam olur.
XX əsr Azərbaycan tar ifaçılığında Xalq artisti Həbib Bayramovun xüsusi yeri vardır. Uzun illər tanınmış xanəndələri müşayiət edən, ansamblda aparıcı solist olan mahir tarzən, həmçinin solo ifaçı kimi muğamsevərlərin qəlbində əbədi yaşamaq haqqı qazanmışdır.
Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olub. Onun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparıb. Həbib 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olub.
Həbib Bayramov 1943-cü ildən Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil almış, həm də burada muğamat sinfində dərs demişdir. Həbib Bayramov Sadıqcan məktəbinin davamçılarindan idi. Tarda cingənə simlərdə məhiranə, asan və sürətlə gəzişməni Məşədi Zeynal, Qurban Pirimov, Mirzə Mansur, Bəhram Mansurov kimi sənətkarlardan sonra Həbib Bayramov öz istedadı və zəhmətkeşliyi sayəsində öyrənmişdi. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur.
Həbib Bayramov musiqi aləmində şərəfli həyat yolu keçib. O, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib. Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim fərqlənib. Repertuarında "Rast", "Şur", "Çahargah", "Segah", "Xaric segah", "Orta mahur" və digər muğamlar əsas yer tutub. Onun sənət yolunu uğur, sevinc, yaddaqalan konsertlər, xarici səfərlər, təltiflər, fəxri adlar müşayiət etmişdir.
İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Berlində keçirilən tələbələrin üçüncü ümumdünya festivalında iştirak edərək festivalın laureatı adına layiq görülmüşdür. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransa və s. ölkələrdə qastrol səfərləri edib, Azərbaycan musiqisini, Azərbaycan tarını xarici ölkələrdə sevdirib, şöhrətləndirmişdir.
Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılır.
Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Onun xatirəsi, sənəti isə musiqi tariximizin silinməz səhifələrinə əbədi olaraq həkk olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Həbib Bayramova aid virtual sərgini sizə təqdim edirik.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.