9 iyun 2026
XATİRƏ - RƏŞİD BEHBUDOV
(14.12.1915 - 09.06.1989)
Bu gün görkəmli müğənni, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anım günüdür.
Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkün deyil. "Alagöz", "Gecələr", "Lalələr", "Sənə də qalmaz", "Küçələrə su səpmişəm", "Evləri var", "Tələsin, insanlar" və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Rəşid Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Rəşid Behbudova aid bəzi arxiv materiallarını Sizə təqdim edirik
Ümumi xəbərlər
|
|