13 may 2026
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNİN YENİ NƏŞRİ
13 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anım gününə həsr olunmuş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yeni nəşrinin təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində layihənin müəllifi və elmi redaktoru Alla Bayramova çıxış edərək, Qara Qarayevin naməlum iki romansı - Bella Axmadulinanın şeirlərinə səs və fortepiano üçün yazdığı "Tikanın xatirəsinə" və "Mənə çox vaxt ayırma" romanslarının daxil edildiyi not kitabını iştirakçılara təqdim etmişdir.
Bu nəşr, əlyazmaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan Qara Qarayevin (1918-1982) əvvəllər məlum olmayan və ya onilliklər boyu səslənməyən əsərlərinin növbəti nəşridir. "Sözləri Bella Axmadulinaya aid olan iki mahnı"nın (1978) müəllif notları bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tərəfindən Muzeyə təhvil verilmişdir. Onlar ilk dəfə Qara Qarayevin Ev Muzeyində, bəstələndikdən təxminən yarım əsr sonra ifa olunmuşdur.1978-ci ilin fevral ayında Bella Axmadulinanın şeirlər kitabı Qara Qarayevə hədiyyə olunmuşdur. Artıq mart ayında bəstəkar onun şeirlərinə yazdığı ilk romansı bəstələmişdir. Romans, Qarayev xəstəxanada olarkən sahibindən ayrı qalmağa dözməyərək ölmüş sevimli ev heyvanı, Tika adlı pekines cinsli itinin xatirəsinə həsr olunmuşdur. Bu mahnının ardınca "Mənə çox vaxt ayırma" adlı başqa bir mahnı meydana gəldi. Hər iki əsər Qarayev yaradıcılığının son dövrünün romanslarıdır. Onları bəstəkarın tələbəlik illərində yazdığı ilk romanslarından - "Ömər Xəyyamın şeirlərinə altı rübai"dən (1944) otuz ildən çox vaxt ayırır. Bu romanslar da ilk dəfə muzey tərəfindən ictimaiyyətə təqdim edilmiş və nəşr olunmuşdur. Puşkinin sözlərinə "Gürcüstan təpələrində" və "Mən Sizi sevirdim" (1949) və Lenqston Hyuzun şeirləri əsasında bəstələnmiş "Üç noktürn" (1958) tanınmış romansları ifaçıların vokal repertuarında geniş şəkildə yer almışdırlar. Burada təqdim olunan iki əsər görkəmli bəstəkarın romans irsinə bənzərsiz əlavədir.
Kitabın kompüter not qrafikası Yavər Neymətli tərəfindən hazırlanmışdır.
Dizayn: Araz Məmmədov (@afishadizayn)
Ümumi xəbərlər
|