17 aprel 2026
ZÜLFÜQAR HACIBƏYOV - 142 (17.04.1884-30.09.1950)
Bu gün Azərbaycan bəstəkarı, musiqili teatrımızın banilərindən biri, Əməkdar İncəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun anadan olmasının 142 ili tamam olur.
Zülfüqar Hacıbəyov 1884-cü il aprel ayinin 17-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub.
Zülfüqarın qardaşı və məsləkdaşı Ü.Hacıbəyli, görkəmli bəstəkar M.Maqomayev, H.Sarabski, M.A.Əliyev, H.Ərəblinski, Ə.Haqverdiyev, N.Vəzirov, və başqa mütəfəkkirlərlə birgə Azərbaycan professional musiqisinin və musiqili teatrın yaradılmasında çiyin-çiyinə çalışıb.
Zülfüqar Hacıbəyov Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri Cadu"-da Qurbanın arvadı, M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasında Şölə xanım rollarını ifa edib. Bu onun ilk teatr təcrübəsi idi.
Zülfüqar Hacıbəyov milli folklor zəminində ilk professional musiqi formalarının yaranmasında mühüm rol oynayıb. "Əlli yaşında cavan" , "On bir yaşlı arvad və ya Varlı" , "Evliykən subay" musiqili komediyaları, "Aşıq Qərib" muğam operası onun qələminin məhsuludur.
O, həmçinin "Üç aşıq və ya Məlikməmməd" operasının, "Kənd qızı", "Çoban qızı", "Əsgər nəğməsi" və başqa mahnıların müəllifidir. 1932-ci ildə "Kölə qadınlarının rəqsi" adlı pyes bəstələmiş, oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi "Almaz" kinofilminə musiqi yazmışdır.
Zülfüqar Hacıbəyov incəsənət sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə 1943-cü ildə Azərbaycan Əməkdar İncəsənət xadimi fəxri adına, 1946-cı ildə isə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Zülfüqar Hacıbəyova aid bəzi materialları təqdim edirik.
Ümumi xəbərlər
|