az | ru | en

17 aprel 2026


LÜTFİYAR İMANOV
(17.04.1928 - 21.01.2008)


Bu gün Azərbaycan vokal məktəbinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanovun doğum günüdür.
Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olmuşdur. O, 1954-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin vokal şöbəsində, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır. Lütfiyar İmanov 1965-ci ildə SSRİ Böyük Teatrında, 1975-ci ildə İtaliyada "La Skala" teatrında təcrübə keçmişdir. Lütfiyar İmanov əmək fəaliyyətinə gənc yaşlarında, 1943-cü ildə Sabirabad Şəhər Dövlət Dram Teatrının aktyoru kimi başlamışdır. O, 1948-ci ildən Sabirabad Şəhər Mədəniyyət evində bədii rəhbər işləmişdir. 1954-1956-cı illərdə Azərbaycan Televiziyası və Radiosu xorunun, 1956-1957-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olmuş, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərmişdir. 1987-1991-ci illərdə Lütfiyar İmanov Azərbaycan Teatr Xadimləri ittifaqının sədri vəzifəsində işləmişdir.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edilib.
Görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lütfiyar Müslüm oğlu İmanov 2008-ci il yanvarın 21-də ömrünün 80-ci ilində vəfat edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Lütfiyar İmanova aid virtual sərgini Sizə təqdim edirik.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.