19 fevral 2026
Məmmədağa Muradov - 105
(19.02.1926-14.11.1969)
Bu gün Azərbaycan musiqi mədəniyyətində öz dəsti xətti ilə seçilən tar ifaçılarından biri, Əməkdar artist Məmmədağa Muradovun doğum günüdür.
Məmmədağa Məmmədhəsən oğlu Muradov 19 fevral 1921-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından ifaçılığa başlayıb və 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinə qəbul olunub. O, tez bir zamanda orkestrin solisti olub, daha sonra isə konsertmeyster vəzifəsində çalışıb. Məmmədağa Muradov uzun müddət A. Zeynallı adına musiqi məktəbində müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur.
Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo ifaçısı kimi, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayiət edirdi. Onun sənəti Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda, İranda, Çində, Mərakeşdə, Sudanda və digər ölkələrdə özünə pərəstişkarlar qazanmış, alqışlara layiq olmuşdur. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışlarının yüksək qiyməti olaraq o, bu ölkənin imperatoru Hayle Selasiye tərəfidən iki dəfə "Qızıl İmperator" ordeni ilə təltif olunmuş və bu mükafatlar ona ölkənin başçısı tərəfindən şəxsən təqdim olunmuşdur.
Məmmədağa Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Əməkdar artisti fəxri adı, bır sıra hökumət mükafatları verilmişdir.
Tarzən Məmmədağa Muradov 1969-cu il noyabrın 14-də vəfat edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Məmmədağa Muradova aid bəzi materialları Sizə təqdim edirik.
Ümumi xəbərlər
|