30 aprel 2025
30 APREL - BEYNƏLXALQ CAZ GÜNÜDÜR
Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Dünyada Azərbaycan cazının özünəməxsus yeri vardır. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.
Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.
1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu, cazmen Pərviz Rüstəmbəyov tutub. "Sovet Benni Qudmeni" adlandırılan Pərviz Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaradıb.
Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinə yeni nəfəs gəlir. "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlayır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. Hazırda Əzizə Mustafazədə atasının yolunu davam etdirir.
Azərbaycan cazı hazırda gənc ifaçıların timsalında inkişaf etdirilir. Montreyö caz festivalının qalibi İsfar Sarabski, Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyab, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənəni davam etdirir.
2005-ci ildən Azərbaycanda keçirilən "Bakı Caz Festival"ı (BCF), Bakıda fəaliyyət göstərən "Baku Jazz Center" ölkəmizdə cazın inkişafına töhfəsini verməkdə davam edir.
Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan Respublikasının Əməkdar artisti Vaqif Mustafazadənin Ev Muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından biridir. Muzeyimiz Vaqif Mustafazadə irsini və ümumiyyətlə Azərbaycan cazını fəal təbliğ edir. Caz haqqında bəzi materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|