az | ru | en

4 fevral 2025


Polad Bülbüloğlu - 80
(4 fevral 1945-ci il)


Bu gün Azərbaycan bəstəkarı və müğənni, ictimai xadim, Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunun yubileyidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli sənətkarı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük uğurlar arzu edir!
Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda, böyük müğənni, Azərbaycanın peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya gəlib. Yüksək sənət mühiti kiçik yaşlarından onun gələcək həyat yolunu müəyyənləşdirir.
Polad Bülbüloğlu ilk dəfə 15 yaşında, 1960-cı ildə böyük səhnəyə çıxır, atasını fortepianoda müşayiət edir. 16-17 yaşlarında ilk əsərlərini bəstələyir. "Sumqayıt haqqında mahnı", "İlk görüşdən", "Moskva haqqında mahnı", "Sabahınız xeyir" mahnıları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.
Musiqi məktəbini fortepiano ixtisası üzrə bitirdikdən sonra 1963-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası) daxil olur və görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alır. 1968-ci ildə konservatoriyanı bitirəndə o, artıq nəinki respublikamızda, bütün SSRİ-də tanınan müğənni və bəstəkar idi. Onun mahnılarını Sovet İttifaqının ən məşhur müğənniləri - Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko və başqaları ifa etmişdir. 1969-cu ildə SSRİ Bəstəkarlar İttifaqının və SSRİ Kinematoqrafçılar İttifaqının üzvü seçilir. Polad Bülbüloğlunun zəngin yaradıcılığına onlarla kinofilmə, teatr tamaşalarına yazdığı musiqi, simfonik əsərlər, süitalar, vokal-simfonik silsilələr, kamera-instrumental musiqisi, 100-ə yaxın mahnı daxildir. Onun "Məhəbbət və ölüm" baleti müasir musiqi sənətimizə, musiqi mədəniyyətimizin dünyada təbliğinə mühüm töhfədir.
İctimai xadim Polad Bülbüloğlu 1988-2006 illərdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri, 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin I (1995-2000) və VII çağırış (2024) deputatıdır. 2005-ci ildə Azərbaycan mədəniyyətində göstərdiyi böyük xidmətlərə görə ölkəmizin yüksək dövlət təltifi - "İstiqlal" ordeninə, 2015-ci ildə "Şərəf" ordeninə layiq görülmüşdür.
3 fevral 2025-ci il tarixində Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
TƏBRİK EDİRİK!
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Polad Bülbüloğluya aid bəzi materialları sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.