4 oktyabr 2024
QƏLBLƏRİ OVSUNLAYAN SƏS – SONA ASLANOVA – 100
Bu gün Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Əməkdar artist Sona Aslanovanın yüz illik yubileyidir.
Sona Şahnəzər qızı Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alıb. 1952-ci ildə konservatoriyanı bitirdikdən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində əməyi olub.
Azərbaycan səhnəsinə onu ilk dəfə Üzeyir Hacıbəyli gətirir. Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyli "Qəlbləri ovsunlayan səs" adlandırıb.
Opera səhnəsində "Arşın mal alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazlarını yaradıb. İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan aktrisa uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarların 200-dən çox mahnısını böyük coşqu və məharətlə ifa edib. Müğənninin Qızıl Fondda 50-dək səs yazısı qorunur. "Görüş", "Anlamaq istəyirəm", "Bizim Cəbiş müəllim", "Bizim küçə", "O qızı tapın", "Ömrün səhifələri", "Telefonçu qız" filmlərinə çəkilib. Bir çox filmlərdə, o cümlədən də "Əhməd haradadır?"da Ceyran obrazının partiyalarını ifa edib.
Sona Aslanova uzun müddət xaricdə yaşasa da, azərbaycanlı olmasını heç zaman unutmayıb, 10 mart 2011-cu ildə 87 yaşında Los-Anceles şəhərinin "Kaiser" xəstəxanasında vəfat edib.
Ümumi xəbərlər
|