2 oktyabr 2024
ÇİNGİZ HACIBƏYOV - 111
Hacıbəyovlar nəslinin istedadlı nümayəndəsi, Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov 1913-cü il oktyabrın 2-də anadan olmuşdur. Atası - Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın yaradıcılarındandır. Əmisi – Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. 1921-ci ildə Çingiz və qardaşı Niyazi o dövrdə Bakıda fəaliyyət göstərən Türk musiqi məktəbində skripka sinfində (Y.Şefferlinqin məktəbi) məşğul olurlar.
Çıngiz Hacıbəyov 1932-ci ilin noyabrından M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının orkestrində Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyətə başlayır.
1937-ci ildə Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio komitənin simfonik orkestrinə dirijor assistenti, bir ildən sonra dirijor vəzifəsinə təyin olunur. 1941-1942-ci illərdə Çingiz Sovet Ordusu sıralarında xidmət edir
1951-ci ilin fevralında Radio komitənin simfonik orkestrinə baş dirijor vəzifəsinə təyin olunur. 1953-cü ildə orkestrin ləğvi ilə əlaqədar o, ışdən azad olunur və 1955-56-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində dirijor kimi fəaliyyət göstərir.
1956-cı iln martında isə Çingiz Hacıbəyov Musiqili Komediya teatrının simfonik orkestrinin baş dirijoru və teatrın musiqi bölməsinin müdiri təyin olunur.
1960-cı ildə musiqi sənətinin inkişafında səmərəli fəaliyyətinə görə Çingiz Hacıbəyov Azərbaycanın Əməkdar İncəsənət xadımı fəxri adına layiq görülür.
1961-ci ilin noyabrında Çingiz Hacıbəyov A.Zeynallı adına Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olur.
1963-cü ilin iyunundan ömrünün sonuna kimi Çingiz Hacıbəyov öz həyatını və yaradıcılığını Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri ilə bağlayır və uzun illər burada dirijor kimi fəaliyyət göstərir.
Azərbaycanın Əməkdar İncəsənət xadımı, dirijor Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat etmişdir və II Fəxri xiyabanda dəfn olunmuşdur.
Ümumi xəbərlər
|