2 sentyabr 2024
İSMAYIL HACIBƏYOV - 75
(02.09.1949 -25.03.2006)
Bu gün Hacıbəyovlar nəslinin mədəniyyətimizə bəxş etdiyi böyük istedad sahibi, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor İsmayıl Soltan oğlu Hacıbəyovun 75 yaşı tamam olur.
İsmayıl Hacıbəyov 1972-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası) bitirdikdən sonra ömrünü bu doğma ocağa bağlamışdı. Musiqi biliklərini atası Soltan Hacıbəyovdan, konservatoriyada isə müəllimi, görkəmli bəstəkar Qara Qarayevdən almışdı. Bir bəstəkar kimi formalaşmasında bu iki şəxsiyyətin böyük əməyi var idi.
Bütün yaradıcılıq boyu Azərbaycan musiqisinin inkişafı naminə səmərəli fəaliyyət göstərən İsmayıl Hacıbəyov çox istedadlı bir şəxsiyyət idi. Musiqi sahəsində də yaradıcılığı çoxşaxəli idi. Hələ tələbə olarkən müxtəlif janrlı əsərlər yaratmışdı. Onun simfonik və kamera əsərləri, fortepiano üçün yazdığı musiqi əsərləri diqqət çəkirdi. İsmayıl Hacıbəyov böyük Üzeyir bəydən gələn ənənəni özünəməxsus şəkildə davam və inkişaf etdirirdi.
Professor İsmayıl Hacıbəyovun simfonik orkestr üçün bəstələdiyi "Naxışlar" fantaziyası bəstəkarın yaradıcılığında özünəməxsus yer tutur. Burada müəllif sırf milli düşüncə tərzi nümayiş etdirərək məhz Azərbaycan bəstəkarlıq məktəbində ən yaddaqalan, əvəzolunmaz yerlərdən birini tutdu. İsmayıl Hacıbəyovun Azərbaycan musiqisinə bəxş etdiyi: "Albomdan səhifələr" süitası, piano üçün "Üç idilliya", fleyta və simli orkestr üçün "Konsertştük", "Füruzə" operası (libretto müəllifindir), fleyta, klarnet və piano üçün "İstəklər", nəfəs alətləri üçün kvintet və sairə musiqi xəzinəmizin qiymətli töhfələridir. İsmayıl Hacıbəyov həm də musiqi nəzəriyyəsi ilə məşğul olurdu. Müxtəlif toplularda məqalələri çap edilirdi. Pedaqoji fəaliyyət göstərirdi. Doğma ocaqda - Musiqi Akademiyasında dərs deyirdi, öz ardıcıllarını yetişdirirdi.
Ən maraqlısı da odur ki, İsmayıl Hacıbəyov həm də zəngin təxəyyülə, gözəl duyuma malik olan bir rəssam idi. İsmayıl Hacıbəyov böyük məhəbbətlə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, atası Soltan Hacıbəyovun, Dmitri Şostakoviçin, həyat yoldaşı Ülviyyə xanımın, eləcə də özünün avtoportretini yağlı boya ilə kətan üzərində işləyib. İndi bu əsərlərə baxanda görkəmli bəstəkarın bir rəssam kimi fırça və rənglərin ünsiyyətindən yaratdığı tablolarda sanki musiqinin özünü görürsən.
İsmayıl Hacıbəyov həmişə xalqımızın, musiqisevərlərin xatirəsində yaşayacaq, onun musiqisi daim səslənəcəkdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından İsmayıl Hacıbəyovun həyat və yaradıcılıq yolunu əks etdirən bəzi materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|
|