5 aprel 2024
ASƏF ZEYNALLI - 115
(05.04.1909 - 27.10.1932)
Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, istedadlı bəstəkar, xalq musiqisinin mahir təbliğatçısı Asəf Zeynallının 115 yaşı tamam olur. Onun haqqında qısa məlumat və muzeyin kolleksiyasından bəzi materialları təqdim edirik .
Azərbaycan musiqisinin və milli bəstəkarlıq məktəbinin inkişafında Asəf Zeynallının böyük rolu olmuşdur. O, Konservatoriyanı bitirən ilk Azərbaycanlı bəstəkardır. Çox az yaşamasına baxmayaraq, Asəf Zeynallı böyük istedada malik bir sənətkar olmuş, Azərbaycan musiqisini qiymətli əsərlərlə zənginləşdirmişdir. O, milli musiqi mədəniyyətində kamera-vokal, kamera instumental janrların əsasını qoyan bəstəkar kimi tanınmışdır.
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə anadan olmuşdur. İlk təhsilini Dərbənd real musiqi məktəbində (klarnet sinfi üzrə), sonra isə Bakıda almışdır. 1923-cü ildə Bakı musiqi texnikumunda təhsil alan Zeynallı 1926-cı ildə Konservatoriyaya əvvəl orkestr sinfinə, sonra isə bəstəkarlıq fakültəsinə daxil olur. Məhz bu illərdə bəstəkarın yaradıcılığı və ictimai musiqi fəaliyyəti çiçəklənməyə başlayır. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyükdür. O, 1928-ci ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş, "İbditai not savadı" adlı dərslik tərtib etmişdir. Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov ondan dərs almışlar.
Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil etmiş və konsertlər zamanı Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış etmişdir.
Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi (C.Cabbarlının "Sevil", "Qayıdış", X.Nəzirlinin və S.Rüstəmin "Alov", A.Həmidin "Hind qızı", V.Kirşonun "Küləklər şəhəri"),70-ə yaxın Azərbaycan xalq mahnıları işləmələrinin müəllifidir. O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur.
İstedadlı bəstəkar çox az yaşasa da olduqca mənalı, gərgin, yaradıcı ömür sürüb. Üzeyir bəyin yazdığı kimi, "Azəf Zeynallının gələcəyi irimiqyaslı, original və dərin düşüncəli bəstəkarın həyatı ola bilərdi"
Onun gözəl və ürəklərə yol tapan musiqisi xalqımızın ürəyində yaşayır və həmişə də yaşayacaqdır.
Ümumi xəbərlər
|
|