14 fevral 2024
NAZİM RZAYEV - 99
Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, professor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925 - 02.05.2006) 1964-cü ildən (yarandığı gündən)1992-ci ilədək Qara Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Bu illər ərzində Dövlət Kamera orkestri R.Barşayın rəhbərlik etdiyi Moskva kamera orkestri, A.Sondetskisin rəhbərliyi ilə Litva Kamera orkestri kimi ölkənin ən yaxşı musiqi kollektivləri arasında özünə layiqli yer tutmuşdur. Orkestr Rusiya, Polşa, Slovakiya, Tunis, Bosniya və Hersoqovina, Tütkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olmuşdur. Nazim Rzayev Q.Qarayev, F.Qarayev, F.Əmirov, X.Mirzəzadə, A.Dadaşov, A.Əlizadə, F.Əlizadə, M.Quliyev, A.Cəfərova, S.İbrahimova, R.Həsənova və bir çox bəstəkarlarımızın kamera, opera/simfonik əsərlərinin fəal təbliğatçısı olmuşdur. N.Rzayev rus və qərbi Avropa klassiklərinin əsərlərinin gözəl təfsirçisi idi, saysız-hesabsız simfonik və vokal əsərlərin kamera orkestri üçün işləmələri ona məxsus idi.
Həyatının son illərində Türkiyənin Mersin Opera və balet teatrının baş dirijoru vəzifəsində çalışmışdır. Mersin teatrının yaradılmasında, orkestrin və opera truppasının formalaşmasında bilavasitə iştirak etmişdir. N.Rzayevin rəhbərliyi ilə Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının, F.Əlizadənin "Boş beşik" baletinin, Motsartın "Bastyen və Bastyenna" operasının premyeraları böyük uğur qazanmışdır. Teatr tamaşaları ilə yanaşı N.Rzayev klassiklərin, türk və müasir bəstəkarların simfonik konsertlərinə dirijorluq etmişdir. Daha sonra o, Əskişəhərdə Anadolu Universitetinin Konservatoriyasında skripka sinfi üzrə professor kimi fəaliyyət göstərmiş və orada ölkənin ən yaxşı gənc orkestri adını qazanmış tələbələrdən ibarət "Anadolu ulduzları" kamera orkestrini yaratmışdır.
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.
Ümumi xəbərlər
|
|