6 fevral 2024
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, tanınmış balerina və xoreoqraf Rəfiqə Axundova (07.08.1931 - 06.02.2024) uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat etmişdir.
Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışıb. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster kimi fəaliyyət göstərib. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Astafyev), Jizel ("Jizel", A.Adan) və s. rolları ifa edib.
Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.
O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Rəfiqə Axundovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Muzeyin zəngin kolleksiyalarından Rəfiqə xanıma aid bəzi fotoşəkilləri təqdim edirik.
Ümumi xəbərlər
|
|