29 dekabr 2022
29 DEKABR - BEYNƏLXALQ VİOLONÇEL GÜNÜDÜR!
Beynəlxalq Violonçel Günü - violonçel ifaçılarının və musiqi həvəskarlarının hər il dekabrın 29-da qeyd olunan qeyri-rəsmi bayramıdır.
Musiqi bayramının tarixi tanınmış Katalon violonçel ustası, dirijor, bəstəkar və musiqi-ictimai xadim Pablo Kazalsın ad günü ilə (1876-1973) bağlıdır. Pablo Kazals bütün dövrlərin ən yaxşı violonçel ustalarından biri hesab edilir, violonçeli solo alət kimi ilk dəfə tanıdıb.
Azərbaycanda Üzeyir Hacıbəylinin səyləri nəticəsində formalaşmağa başlayan violonçel ifaçılıq mədəniyyətinin inkişafında dahi sənətkarın Bakıya dəvət etdiyi Qərbi Avropa və rus musiqi ifaçıları böyük rol oynamışlar. Milli violonçel sənəti həmin dövrdən başlayaraq tədricən öz təşəkkülünü Leopold Rostropoviçin, Mstislav Rostropoviçin, Abram Neymanın, Vladimir Anşeleviçin və Sabir Əliyevin violonçel ifaçılığı sahəsində tapmışdır.
Azərbaycanda milli violonçel məktəbinin təməli professor Sabir Əliyev tərəfindən qoyulmuşdur. Sabir Əliyev “məktəb” ənənələrinin davamçıları Rasim Abdullayev, Yuri Abdullayev, Eldar İsgəndərov, Adil Babayev, Əyyub Əliyev, şərqdə ilk xanım violonçel ifaçısı Nəzmiyyə xanım Abbaszadənin milli violonçel incəsənətinin inkişafındakı rolu böyük olmuşdur.
Bu gün onların yolu layiqli davamçılar - Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx, gənc azərbaycanlı violonçel ifaçıları, Respublika və Beynəlxalq müsabiqələr laureatları Camal Əliyev, Orxan Cumayev, Orxan Hüseynov və başqaları tərəfindən uğurla davam edir, dünyanın bütün ölkələrində respublikamızın zəngin və professional ifaçılıq mədəniyyətini fəxrlə nümayiş etdirirlər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanda violonçel sənətinə həsr olunmuş tədbirlər, görüşlər keçirir, konsert proqramlarına violonçel ifaçılarını sevə-sevə cəlb edir.
Sizə "Violonçel ifaçıları Musiqi muzeyində" fotoşəkillərin seçimini təqdim edirik.
Ümumi xəbərlər
|