16 dekabr 2012
V.Mustafazadənin xatirə günü
16 dekabrda Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin ev-muzeyində görkəmli caz-pianoçu və bəstəkarı, Caz-Muğamın banisi V.Mustafazadənin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Daha sonra söz filialın müdiri Afaq Əliyevaya verilmişdir. O öz çıxışında ətraflı olaraq bəstəkarın həyat və yaradıcılığı, xüsusən caz və muğamın sintezinin yaradılması barədə dahiyanə fikrin yaranması haqqında söhbət açmışdır. Sonra V.Mustafazadə adına musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış konsert baş tutmuşdur.
Qonaqlar arasında görkəmli musiqiçilər, mədəniyyət işçiləri, V.Mustafazadənin qohumları var idi. Tanınmış bəstəkar Arif Mirzəyev V.Mustafazadə ilə olan görüşlərindən danışdı, muzeyə hədiyyə olaraq öz əsərləri yazılmış; - bunlardan biri də V.Mustafazadənin xatirəsinə həsr olunmuşdu - kompakt diski təqdim etdi.
Tanınmış caz müğənnisi Tünzalə Qəhrəman Vaqifin nadir fotoşəkillərini muzeyə verdi.
Tədbirlər
|