1 avqust 2022
“NİYAZİ - 110”
Xalq şairi Bəxtiyar Vahabzadənin Niyazi haqqında xatirələrini təqdim edirik
Bizim Maestro Niyazi
Altmışıncı illərin əvvəllərində Niyazi Azərbaycan filarmoniyasının direktoru vəzifəsinə təyin edildi. Vəzifəni icra etməyə başlayaraq və filarmoniyanın həyatını yaxşılığa doğru dəyişdirməyi arzulayaraq o, nəinki həmkarları - bəstəkar və musiqiçilərlə, həmçinin şairlər, yazıçılarla da məsləhətləşir, öz yeni fikirlərini sınaqdan keçirirdi. Həmin günlərin birində maestro mənə evə zəng çaldı və yanına dəvət etdi. Kabinetində görüşdük. Mən Niyazini təbrik etdim, işində uğurlar arzuladım.
- Tək əldən səs çıxmaz, - o dedi. - Əl-ələ verib işləməliyik.
Açığı mən təəccübləndim. Filarmoniya üçün mənim nə faydam ola bilər? Maestro üzümdəki təəccübü oxudu və əsas məsələyə keçdi.
- Filarmoniyada poeziya gecələri təşkil etmək istəyirəm. Sən bu işə necə baxırsan?
Mən dərhal cavab tapa bilmədim. Çünki, ağlıma sığmırdı ki, musiqiçilər, müğənnilər və rəqqaslar üçün nəzərdə tutulmuş səhnədə şeir oxusunlar. Hərçənd ki, mən saatlarla qulaq asmağa hazır olan insanların poeziyaya məhəbbətini bilirdim. Amma... mən bu “amma”nın izahını istəyirdim:
- Siz bilet satmaq istəyirsiniz, yoxsa...
- Tamamilə doğrudur, giriş pullu biletlərlə olacaq.
- Etiraf edim ki, bilet anşlaqının olacağına inamım yoxdur...
- Mən isə inanıram. Məgər poeziya bir növ musiqi deyil?
Mən şəxsiyyətinə və sənətinə böyük hörmət bəslədiyim ustad sənətkara etiraz edə bilmədim.
O davam edirdi:
- Özü də səndən başlamaq istəyirəm.
Məni soyuq tər basdı. Mən çaşıb qaldım:
- Amma, bəlkə... mən sonraya qalım...
- “Amma”sı yoxdu. Get,hazırlaş.
Hərçənd ürəyimdə bu təkliflə heç cür razılaşa bilmirdim, amma tabe oldum və çaşqın halda kabineti tərk etdim.
Bir neçə gün sonra afiçalar hazır oldu. Gecə yaxınlaşdıqca mənim qorxum və həyəcanım da artırdı. Açığı, o qədər də pərt olmaqdan deyil, onun mənim yaradıcılığıma etibarını itirməkdən ehtiyat edirdim.
Təyin olunmuş gün gəldi. Yüzlərlə insanın filarmoniyanın girişində artıq bilet axtarmasını gördükdə mən ruhlandım. Kabinetdə məni qarşılayan Niyazi gülərək dedi:
- Bəs indi inandın? İki gündür ki, məni kabinetdə sakit oturmağa imkan vermirlər, bilet istəyirlər. Deməli, təşəbbümüz baş tutdu və bu işi davam etdirmək lazımdır.
Yay estradasında gecəmiz başladı. Professor Əkrəm Cəfər yaradıcılığım haqqında qısaca məlumat verdikdən sonra sözü mənə verdi. Şeir oxuyaraq eyvanda mənə baxan və alqışlardan sevinən Niyaziyə baxırdım.
Gecədən sonra maestro məni dostlarım - şairlərlə birgə evinə dəvət etdi. Niyazi uşaq kimi sevinirdi, şeirlər haqqında öz fikirlərini bildirirdi...
O gündən dostluğumuz başladı. Ayda azı iki dəfə biz ya mənim evimdə, ya onlarda, ya da ümumi dostumuz olan professor N.Rzayevin evində görüşür, incəsənət, ədəbiyyat haqqında fikir mübadiləsi aparırdıq. Və hərçənd ki, bu görüşlərin diqqət mərkəzində həmişə Niyazi olurdu, o danışmaqdan çox qulaq asmağa üstünlük verirdi, özünü çox sadə və təbii aparırdı, böyüklüyünü və üstünlüyünü göstərməyə cəhd etmirdi.
Niyazinin Üzeyir Hacıbəyov haqqında fikirləri indi də yadımdadır. Üzeyir bəyin böyüklüyünü o, yalnız Azərbaycan professional musiqisinin banisi olmasında deyil, həmçinin onun bu əsasları necə qoymasında görürdü. Əsas mahiyyət də məhz bu “necə”də idi. Niyazi təkidlə təkrar edirdi ki, bunu başa düşmək üçün Hacıbəyovun “Azərbaycan musiqisinin əsasları” kitabını dərk etmək, üzərində dərindən düşünmək lazımdır. Maestro deyirdi ki, bu kitab nəinki bəstəkarların, həm də bütün incəsənət və ədəbiyyatla məşğul olanların stolüstü kitabı olmalıdır. Çünki, bu kitabda nəinki yaradıcılığın yalnız yolları və üsulları, həm də onun məqsəd və vəzifələri aydınlaşdırılır. Üzeyir bəy incəsənəti xalqdan kənarda, onun düşüncələrindən və əməllərindən kənarda təsəvvür etmirdi. Buna ən böyük sübut - Üzeyir Hacıbəylinin özünün yaradıcılığıdır. Və bütün vücudu ilə doğma xalqının bəstəkarı olaraq o, hamının sevimli sənətkarıdır.
Maestronun Üzeyir Hacıbəyli haqqında fikirlərini mən elə o vaxt gündəliyimə qeyd etmişdim.
İndi mən məşhur bolqar yazıçısı Stanislav Sivriyevin incəsənət və ədəbiyyat haqqında qeydlərini oxuyurdum. Onun mülahizələrinin mənimkilərlə üst-üstə düşdüyü üçün burada onları qeyd etməyi lazım bildim: “Dünya yaradıcılıqları ən ümumi sözlərlə doğma torpağının qoxusundan, öz xalqının ruhunu anlamaqdan uzaq olan yazıçılara laqeyddir. Qoqolu və Dostoyevskini qeyri-rus yazıçıları kimi təsəvvür etmək mümkün deyildir; Ekzyuperi - iliyinə qədər fransızdır. Botev və Zaxariy Stoyanov - bolqar, Petefi və Attila Yojef - macardırlar. Bu, bütün böyük sənətkarlara aiddir. Və əksinə: kosmopolitik baxışlara malik yazıçı nə öz xalqına, nə də dünyaya məxsus deyildir.
Məhz buna görə də, Üzeyir Hacıbəyli öz xalqının necə deyərlər əti ətindən, qanı qanından olmaqla eyni zamanda bütün bəşəriyyətə məxsusdur.
Bax Niyazi də bu nöqteyi-nəzərdən Üzeyir bəyin yaradıcılığını qiymətləndirirdi.
“Muğam” poeması üzərində işləyərkən mən bir çox musiqi xadimlərinə, o cümlədən Niyaziyə də müraciət etmişdim. Bu və ya digər fikri izah etmək üçün o, uzun-uzadı, saatlarla Ü.Hacıbəylinin mülahizələrindən nümunələr gətirir və bu əsasda mənə muğamın mahiyyətini açıqlamağa çalışırdı.
Niyazinin xalq musiqisini dərindən bilməsi demək kifayət deyildi. Xalq musiqisi onun ürəyində döyünür, damarlarında axırdı. O, xalq musiqisi ilə yaşayır və nəfəs alırdı. Bu məsələnin onun gənc bəstəkarlara nəsihətlərində qaldırdığının dəfələrlə şahidi olmuşam.
Bizim maestro çox qeyri-adi adam idi. O, çox geniş maraq dairəsinə malik idi. Eyni hisslə o, ədəbiyyatı, poeziyanı da sevirdi və bununla əlaqədar maraqlı fikirlər irəli sürürdü. O, güllə atıcılığından ücgüçülüyə qədər, akrobatikadan qılıncoynatmaya qədər idmanın bütün növlərindən məlumatlı idi, dünya idmanı ulduzlarının həyatı ilə maraqlanırdı.
Niyazi incəliklərinədək həm doğma, həm də rus dilini bilirdi. O, xalqın dilindən uzaq olan kitab dilinin əlehdarı idi. Bir dəfə “Kommunist” qəzetinin redaksiyasına bir qrup şair və bəstəkarın yeni mahnılarının müzakirəsinə dəvət etmişlər. Müzakirədən əvvəl Niyazi qəzetlərin dilindən gileyləndi, bəzi nümunələr gətirdi və göstərdi ki, bu dönmələr - başqa dildən hərfi tərcümələr bizim dilimizin təbiəti üçün yaddır. O deyirdi ki, süni söz yığımından uzaqlaşmaq, xalqın canlı danışıq dilinə yaxınlaşmaq lazımdır.
Niyazinin nitq mədəniyyəti, danışıq tərzi onu dinləyənləri valeh edirdi. Onun çox təmiz, münasib və şirin üslubu vardı. O, zövqlə sözləri, ifadələri seçir, onların təmizliyinə çalışırdı, cümlədə artıq xarici yamaq sözlərdən qaçırdı. Onun şifahi nitqində çox gözəl söz birliyi və ecazkar ahəngdarlıq eşidilirdi.
Çox aydın yadımdadır ki, - biz təzəcə Türkiyəyə səfərdən qayıtmışdıq. Onun evində görüşdük. Niyazi Türkiyədəki o vaxtki siyasi vəziyyəti elə təhlil etdi ki, mən onun siyasi sayıqlığına, dünya hadisələrinin qiymətləndirməsi bacarığına heyran oldum. Maestro qaşlarını çataraq qeyd etdi ki, bizim hamımıza dünyada baş verənlərdən düzgün nəticə çıxarmağa, hadisələri düzgün qiymətləndirməyə imkan verən siyasi mədəniyyət də lazımdır. Ona görə ki, siyasi mədəniyyəti olmayan xalq nə özünü dərk edə bilər, nə də gələcəyi görə bilər. O deyirdi: – məncə, vətəndaşlıq şücaəti siyasi mədəniyyətdən başlayır.
O əsil ictimai xadim idi, respublikada baş verən hadisələrə etinasız qala bilməzdi, dərhal öz münasibətini - rəsmi və ya qeyri-rəsmi formada - bildirərdi.
Niyazi çətin, ziddiyyətli adam idi. Sevincində kədər gizlənirdi, kədərində sevinc görsənirdi, qəzəbi sakitliklə və sakitliyi isə partlayışla nəticələniridi. Onu başa düşmək, qəlbində gizlənən tufanı duymaq çətin idi. Ona görə də bir çoxlarına o, qəribə və gözlənilməz adam təsəvvürü yaradırdı. Bəs bütün böyük istedadlar belə deyillərmi?
Heç kim onu həyat yoldaşı Həcər xanım qədər hiss etmir və başa düşmürdü. O, həyat yoldaşı kimi deyil, ana kimi Niyaziyə nəvaziş göstərir, onun kaprizlərinə dözürdü. Ona görə də biz bu böyük istedadı qoruduğu üçün həmişə Həcər xanıma minnətdarıq.
Niyazinin ən böyük xidmətlərindən biri simfonik musiqinin təbliğidir. O, ürək ağrısı ilə geniş xalq kütlələrinin simfonik musiqini lazımınca qiymətləndirməməsi haqqında danışırdı və öz praktiki fəaliyyəti ilə bu anlaşılmazlığın aradan qaldırılmasına kömək etməyə çalışırdı. Bu məqsədlə o, rəhbərlik etdiyi orkestrlə kənd rayonlarına gedir, mütəxəssislərin simfoniyalar, xüsusilə Azərbaycan simfonik muğamları haqqında, Bax, Bethoven, Çaykovski, Motsart kimi dahi bəstəkarların əsərləri haqqında mühazirələrini təşkil edirdi. Bu çıxışlar həmin əsərlərinin ifası ilə müşayiət olunurdu.
Mən dəfələrlə onu simfonik orkestrin rəhbəri kimi Şəkidə, Ağdamda, Şuşada görmüşəm, xalqla canlı ünsiyyətinin şahidi olmuşam. Niyazinin bu xidməti digər xidmətləri ilə yanaşı onun yaradıcılıq bioqrafiyasında qeyd olunmalıdır.
Geniş maraq dairəsinə malik, hərtərəfli xadim olan Niyazi pult arxasında yalnız və yalnız dirijor idi! Özü də necə dirijor! Mən simfonik musiqinin incəliklərini anlamayan elə insanlar tanıyıram ki, onlar konsertlərə yalnız Niyazinin dirijorluğuna tamaşa etmək üçün gəlirdilər. Pult arxasında maestronun barmaqlarından çıxan qığılcım, mimikanın dəyişkənliyi, gözlərinin alovlu parıltısı hamını ovsunlayır, onları musiqinin sehirli aləminə aparırdı.
“Koroğlu” operasının uvertürası! Üzeyir Hacıbəylinin bu dahiyanə əsərini Niyazi himn səviyyəsinə qaldırmışdır. Əgər kimsə onu Niyazinin təfsirində dinləməmişdirsə, deməli o, bu əsəri bütün incəlikləri ilə hiss etməmişdir. Məhz Niyazinin ürəyi, Niyazinin çubuğu lazım idi ki, uvertüranı dərindən dərk edəsən, orada qaynayan hissləri, səsin qüvvəsini, həmahəngliyin çalarlarını dinləyiciyə çatdırasan. Niyazinin ürəyi ilə səslənməyən uvertüra, mənim üçün yarımçıq qalardı. Deyəsən, dahi Üzeyir Hacıbəyli “Koroğlu”nu məhz Niyazinin sehirli dirijor çubuğu üçün nəzərdə tutaraq yazmışdır. Mən bu əsərə yüz dəfələrcə qulaq asmışam. Və ona hər gün, hər saat qulaq asmağa hazıram! “Koroğlu” uvertürasının sədaları altında xalqı böyük ideallar uğrunda mübarizəyə qaldırmaq olar! Hətta bu musiqiyə radioda qulaq asdıqda belə qarşımda qaranquş qanadlı qara frakda Niyazinin sifəti və əlləri canlanır. Bir sözlə, necə ki, Azərbaycanı Üzeyir bəysiz, Üzeyir bəyi də Azərbaycansız təsəvvür etmək mümkün deyil, eləcə də “Koroğlu” Niyazisiz, Niyazi “Koroğlu”suz təsəvvüredilməzdir.
Bizim əziz Niyazi məhz bax bu cür insan, bu cür sənətkar idi.
“Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà. Ñîñòàâèòåëè: Õàäæàð õàíóì Ãàäæèáåêîâà, Àñèëüäàð Ãóñåéíîâ. Áàêó, Èçäàòåëüñòâî «Èøûã», 1987. Ñ. 74-77.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov
Rubrikalara
|
|