18 iyul 2022
Bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor AZƏR RZAYEVİN Niyazi haqqında xatirələri
BÖYÜK ŞƏXSİYYƏT
Maestro Niyazi ilə mənim valideyinlərimi, sonradan isə qardaşım və mənimlə davam edən böyük şəxsi dostluq telləri bağlayırdı. Niyazi və Həcər xanımla Xəqani küçəsindəki binada uzun illər qonşu olmuşuq, onların iki otaqlı kiçik mənzilləri çox musiqiçilər üçün əsl qərargah idi. Belə ki, F.Əmirov, R.Hacıyev, A.Babayev və bir çox başqalarının böyük ustad olmalarında Niyazinin əməyi az olmamışdır.
Biz, oğlanlar, tez-tez bu mənzildə olurduq, çox vaxt hətta səhər yeməyimizi, naharımızı və ya şam yeməyimizi də burda edərdik. Mən Niyazinin illərlə zamanının fərqinə varmadan öz həmkarlarının əsərləri üzərində işləməsinin, köməyinin, onları ruhlandırmasının, bu əsərlərin daha mükəmməl, parlaq və istedadlı olması üçün nə qədər böyük əmək sərf etməsinin şahidi olmuşam. Bütün bunlar isə çox vaxt onun özünün bəstəkarlıq fəaliyyətinə mane olurdu, halbuki o, dirijorluğu ilə yanaşı çox istedadlı bəstəkar idi...
Niyazinin necə nəhəng ustad-musiqiçi olduğunu mən ilk dəfə 1948-ci ildə, konservatoriyada təhsil aldığım vaxt hiss etmişdim. Mən qardaşım Həsənlə birlikdə Niyazi və Həcər xanımla Mərdəkanda sanatoriyada istirahət edirdik. Mən o zaman skripka ilə orkestr üçün bir konserti öyrənirdim. Niyazi işlərimə böyük diqqətlə yanaşaraq məni öz tövsiyələri və xoş sözləri ilə elə ruhlandırırdı ki, mən sutkada 12 saat işləməyə hazır idim. O, məni həvəsləndirmək üçün: “Elə çal ki, mən sənin ifana dirijorluq edə bilim” deyərdi. Konsetin üçünci hissəsini çox xoşladığıma görə bu hissə məndə birincidən daha yaxşı alınırdı. Onda Niyazi zarafatla: “Birinci hissədə mən istirahət edəcəyəm, ikinci hissədə - dirijorluq, üçüncü hissədə - rəqs edəcəyəm” deyirdi. Nəhayət arzum həyata keçdi, mən dəfələrlə orkestrlə bu əsəri maestro Niyazinin idarəsi ilə ifa etmişəm. Skripkaçı-solist kimi maestro Niyazi ilə ilk çıxışım 1949-cu ildə baş tutmuşdu, mən Rimski-Korsakovun “Rus mövzusuna fantaziya”nı ifa etmişdim. İkinci dəfə mən Niyazi ilə 1953-cü ildə öz diplom işimi – skripka ilə orkestr üçün Lya minoru ifa etdim, sonradan bu əsər SSRİ Bəstəkarlar İttifaqının 1955-ci ildə keçirilən VIII plenumunun konsert proqramına daxil edildi. Yeri gəlmişkən, plenumda belə bir hadisə baş vermişdi: mənim əsərimə dirijorluq üçün latış dirijoru Leonid Viqner, solist isə Eduard Qraç təyin olunmuşdu. Konsertə on gün qalmış mən teleqram aldım ki, E.Qraç üzürlü səbəblərə görə əsərimi ifa edə bilməyəcək. Elə həmin gün mən Moskvaya uçdum və plenumun konsert proqramlarının rəhbəri D.B.Kabalevski ilə görüşdüm. Dmitri Borisoviç məni dinləyəndən sonra məsləhət gördü ki, daha yaxşı alınması üçün əsərimi elə özüm ifa edim. Kefi pozulmuş halda “Moskva” mehmanxanasına, Niyazinin yanına gəldim. Niyazi cəld qərar verdi: “Dərhal yaxşı skripka tap çalışmağa başlayaq. Mən özüm səninlə məşq edəcəyəm və çalışacağam ki, sənin ifanı konsert proqramına daxil etsinlər”.
D.B.Kabalevskinin tövsiyyəsi ilə tanınmış sənətkar Frolovun skripkasını bir neçə günlüyünə mənə verdilər, Niyazi və onun dostu skripkaçı-konsertmeyster Sergey Mədətovun rəhbərliyi ilə necə deyərlər, gecə-gündüz məşq edirdik. Budur konsert günü də gəlib çatdı. Səhnəyə çıxmazdan əvvəl Niyazi sakitcə əlimdən tutdu və biz sanki fikrimizi cəmləşdirərək susduq. Və budur eşidirəm: “Hə, getdik. Şeytanın qıçı sınsın”. Bu zarafatyana sözlərdən sonra mən sanki rahatladım, məndə özümə inam yarandı. Beləliklə Niyazinin, xüsusilə onun dirijorluğu sayəsində mənim əsərim böyük uğurla səsləndi və translyasiyadan lentə alındı. Bu uğur mənim yaradıcılıq yoluma yaşıl işıq oldu: bir neçə aydan sonra mənim bu konsertim Varşavada keçirilən Gənclərin V Ümumdünya Festivalına həsr olunmuş Bəstəkarların Beynəlxalq Müsabiqəsində üçüncü mükafata layiq görüldü və Beynəlxalq Mükafat laureatı adını qazandı.
Sonralar Niyazinin idarəsi ilə Bakıda və başqa şəhərlərdə mənim Skripka üçün II konsertim ifa olundu.
Bir dəfə, 50-ci illərin sonunda, maestro Niyazi məni filarmoniyaya, yanına çağırıb dedi: “Sən mənə kömək etməlisən. İstəyirəm ki, simfonik orkestrdə ikinci skripkaların konsertmeysteri olasan. Biz xarici səfərə hazırlaşırıq və mən simli alətlər qrupunu gücləndirirəm. Səninlə birgə mən konsertmeysterlər kimi violonçel qrupu üçün Sabir Əliyevi, alt alətləri üçün Rəşid Seyidzadəni də dəvət edirəm. Razılaşmalısan, çünki biz respublikamızın şərəfini qoruyuruq. Düşünürəm ki, anlayarsan”.
Mən isə sevincimi gizlədə bilmirdim. Axı orkestrlə ifa etməyi çox sevirdim, o ki, ola bizim ən yaxşı simfonik orkestrlə, üstəlik də Niyazinin rəhbərliyi ilə! Mən bu gün də o günləri minnətdarlıqla xatırlayıram. O günlər biz böyük şövqlə həm dünya, həm rus, həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirdik. Bu əsl yaradılılıq sevinci ilə dolu günlər idi.
Maestro Niyazi tez-tez zəng edib nə üzərində işlədiyimi, mənə nə ilə kömək edə biləcəyi barədə soruşardı. Bir dəfə ona orqan, altı litavr və kamera orkestri üçün poema yazdığımı dedim. Çox maraqlandı. Onun marağını görüb əsərim haqqında ətraflı danışmağa başladım. O, diqqətlə qulaq asırdı, ancaq fikrimcə ciddi müasir musiqi yazmağım haqqında sözlərimə çox hirsləndi: “Ciddi müasir musiqi nə deməkdir? Məgər klassiklərin əsərləri ciddi, müasir deyil? Hər zaman yaxşı əsər yazmaq lazımdır, fikirləşmək lazım deyil ki, o hansı dildə yazılmışdır. Əks halda sən özün də yazdığına inanmırsan”. Bu sözləri bütün həyatıma nəsihət kimi qəbul etmişəm.
1964-cü ildə fortepiano ilə orkestr üçün Konsert yazdım və onu əsərin ilk ifaçısı olan qızım Ülviyyəyə həsr etdim. Maestro Niyazi o zaman doqquz yaşlı Ülviyyənin ifasını eşidib onunla ciddi məşğul olmağımı məsləhət gördü, konsertin Moskvada lentə alacağına söz verdi. O, sözünü tutdu. Konsert Moskvada yazıldı, dirijoru Niyazi, solist isə Ülviyyə Rzayeva idi. Mən onun məşqlərdə, səs yazılışları zamanı verdiyi çox ağıllı, xeyirli və qiymətli məsləhətlərini indi də xatırlayıram və heç zaman unutmaram.
Maestro Niyazinin heyrətamiz xasiyyəti var idi. Onun mənzilinin qapısı bütün musiqiçilərə açıq idi. Ona hər hansı bir məsələ ilə bağlı müraciət edib tam cavab, böyük kömək ala bilərdin. Amma iş prinsipial məsələlərə çatanda ondan heç bir güzəşt gözləmək mümkün deyildi.
Maestro Niyazi əsl rəhbər idi. Heç bir, hətta ən xırda məsələ belə onun xəbəri olmadan həll edilməzdi.
1972-ci ildə məni M.F.Axundov adına Akademik Opera və Balet Teatrına direktor təyin edəndə onun yanına gəldim. Uzun söhbətimiz oldu. Mən maestro Niyazinin uzun illər bizim teatrın baş dirijoru və bir neçə il də direktoru olduğunu bildiyim üçün ondan məsləhətləri ilə kömək etməyini istədim. Bu söhbətlərdən uzun müddət keçməsinə baxmayaraq, mən bu gün də onun tövsiyələrindən istifadə edirəm.
Mənim üçün əziz insan olan maestro Niyazi ilə bağlı həyatımın bir neçə epizodunu sizə danışdım. Təbii ki, bu kiçik xatirələrlə mənim yaradıcılığımın formalaşmasında böyük rolu olmuş insana dərin minnətdarlığımı tamamilə çatdıra bilmirəm. Amma dediklərim kifayət edir ki, bu heyrətamiz insanın mənim ürəyimdəki yerini anlaya biləsiniz. BÖYÜK ŞƏXSİYYƏT!
“Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà. Ñîñòàâèòåëè: Õàäæàð õàíóì Ãàäæèáåêîâà, Àñèëüäàð Ãóñåéíîâ. Áàêó, Èçäàòåëüñòâî «Èøûã», 1987. Ñ.131-133.
Tərcümə edən: AMMDM-nın şöbə müdiri Xanımbacı Abdinova
Rubrikalara
|
|