az | ru | en

11 may 2022
NİYAZİ - 110


Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Quliyevin Maestro Niyazi haqqında məqaləsini ilk dəfə Azərbaycan dilində təqdim edirik.
MUSİQİ SEHRBAZI
(SSRİ Xalq artisti Niyazinin 60 illiyinə)
...Qədim bir rəvayət var. Kral ölkəsinin birinci sənətkarının kim olduğunu öyrənmək qərarına gəlir. Aldığı cavablar monarxı təəccübləndirir: hər vilayət öz sənətkarının adını çəkir. O zaman müdriklərdən birinin məsləhəti ilə kral xalqa : kimi ölkənin birinci, kimi isə ikinci sənətkarı hesab edirlər? - sualı ilə müraciət edir. Bu dəfə də onlar birinci kimi öz vilayətlərinin sənətkarının adını çəkirlər, amma ikinci kimi isə hamısı eyni adamın adını çəkir. Beləliklə kral ölkənin ən yaxşı sənətkarının adını öyrənir.
Həyatım boyu bu rəvayəti ölkəmizin ayrı-ayrı şəhərlərindən və respublikalarından olan həmkarlarım və dostlarımla sovet dirijorları haqqında söhbət edərkən çox xatırlamışam.
Leninqradlılar, məsələn, Mravinskini ən yaxşı dirijor hesab edirdilər, ikinci isə Niyazinin adını çəkirdilər, moskvalılar sübut etməyə çalışırdılar ki, ən yaxşısı İvanovdur, ikinci isə Niyazidir; gürcülər birinci yerdə Dimitriadini, ikinci isə Niyazini görürdülər.
Gördüyünüz kimi, vəziyyət eynilə mənim danışdığm rəvayətdəki kimidir. Mən həyat və nağıl arasında paralel çəkmək fikrində deyiləm, yalnız qeyd etmək istərdim ki, Niyazinin şöhrəti o qədər geniş və dərindir ki, o, Leninqradda da, Tbilisidə də, Moskvada da hamının "öz adamıdır". Bir sözlə, dirijor kimi çıxış etdiyi hər yerdə.
Parlaq ifaçı və bəstəkar istedadına malik olan bu şəxsiyyət özünəməxsus, bənzərsiz, orijinal yaradıcılığı ilə milyonlarla dinləyici və tamaşaçısının qəlbinə çoxdan və dərindən daxil olmuşur.
Sanki bu görkəmli istedad sahibinin doğulub yüksəlməsini tale özü müəyyənləşdirmişdi. Niyazi Hacıbəyovlar ailəsində dünyaya gəlmişdi, o ailədə ki, onların Azərbaycan incəsənətinin inkişafındakı rolunu daha yüksək qiymətləndirmək çox çətindir. O, nəcib, maarifpərvər, bədii axtarışların canlı atmosferində böyümüşdü.
Niyazinin yaradıcılıq yolunun başlanğıcı otuzuncu illərə, Azərbaycan professional musiqisinin o zamankı təşəkkülü, möhkəmlənməsi və inkişafı prosesi gedən dövrünə təsadüf edib.
Niyazinin adı xalqımıza çox nəhəng nailiyyətlər bəxş edən bu prosesin birincilərinin sırasında çəkilir. Hər zamankı kimi, musiqimizin inkişafı rus musiqi mədəniyyəti tərəfindən möhkəm və ehtiramla dəstəklənirdi. Niyazinin musiqi dünyagörüşü Moskva və Leninqradın təhsil müəssisələrində, musiqinin korifeyləri olan Mixail Qnesin, Qavriil Popov, Pyotr Ryazanov, Leopold Rudolf və b. ilə ünsiyyətdə formalaşıb möhkəmlənmişdi.
Niyazinin istedadı bir biri ilə bağlı olan üç istiqamətdə, üç aspektdə: bəstəkar kimi, dirijor kimi və ictimai xadim kimi inkişaf edirdi.
Bəstəkar kimi Niyazi musiqidə ilk ciddi işinə Böyük Simfonik Orkestr üçün yazdığı "Zaqatala süitası" ilə imza atmışdı. Bu böyük əsər onun bəstəkar kimi formalaşmasında və sonrakı yaradıcılıq yolunun inkişafında böyük rol oynamışdı.
Optimizm. Məncə Niyazi istedadının əsas xüsusiyyəti, yaradıcılığının kökü bax budur. Optimizm onun təkcə yaradıcılığına deyil, bütün həyatına sirayət etmişdi.
Niyazinin bəstəkarlıq yaradıcılığı məhsuldar və rəngarəngdir. O, musiqinin bütün janrlarında yaratmışdır. "Zaqatala süitası"dan sonra o, Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", A.Korneyçukun "Platon Kreçet" pyeslərinə, "On birlərdən biri", "Azərbaycan qadınının baharı" filmlərinə musiqi yazır.
1937-ci ildə Niyazi mahnı janrına müraciət edir və ilk mahnılarını yazır, sonralar onlar Azərbaycan musiqisində kütləvi mahnıların ilk nümunələri olur. İndi də bu mahnıların ifaçıların repertuarını bəzəməsi onların məşhurluğu və uzun ömürlü olması faktını göstərir.
O, dram və kino musiqisi janrlarında da intensiv çalışırdı. Qısa zamanda o, Səməd Vurğunun "Vaqif", S.Mixalkovun "Xüsusu tapşırıq" tamaşalarına, "İyirminci bahar", "Arazın o tayında", "Kəndlilər", "Fətəli xan" filmlərinə musiqi yazmışdır. Həmin illərdə (otuzuncu illərin sonu, qırxıncı illərin əvvəlləri) o, "Rəqs süitası"nı, məşhur "Qaytağı"sını, iki proqram simfonik lövhələrini - "Xatirə", "Döyüşdə", həmçinin fortepiano ilə orkestr üçün konsert-poemasını yazır. Bütün bu yaradıcı fəallığı qanunauyğun olaraq Niyazini dahi Nizaminin motivləri əsasında yazdığı monumental əsər olan lirik-romantik "Xosrov və Şirin" operasının, sonradan nəhəng "Rast" simfonik muğamının yazılmasına gətirir.
Əllinci illərin əvvəlində dirijor Niyazi musiqi arenasında nəzərəçarpan qədər bəstəkar Niyazini sıxışdırmağa başlayır. Bu hal təsadüfi deyildi - burada onun alicənablığı özünü göstərir. İş burasında idi ki, qırxıncı illərin ikinci yarısı və əllinci illərin əvvəllərində Azərbaycan simfonik musiqisinin sürətli inkişaf dövrü idi və onu ittifaq və dünya səhnəsinə çıxara bilən böyük və istedadlı dirijora möhkəm ehtiyac vardı. Belə sehrbaz Niyazi oldu, o, Azərbaycan sovet musiqisinin inkişafı və təbliği naminə alicənablıq edərək öz bəstəkarlıq yaradıcılığını qurban edir.
Son illər o, musiqi yazmaq işinə qayıdaraq, bizə məhəbbət haqqında gözəl "Çitra" baletini hədiyyə etmişdir.
Niyazi Azərbaycan musiqi sənətinə bəstəkar kimi gəlmişdir. Nə zaman və necə oldu ki, dirijor oldu - demək çətindir. Onun qaynayan enerjisi, temperamenti və zərif musiqi zövqü, müəlliflərin fikirlərini duymaq bacarığı, auditoriya ilə ünsiyyətdə olmaq kimi qarşısıalınmaz tələbatı sayəsində bu qaçılmaz idi.
Məhz o, Azərbaycan simfonik musiqisinin ittifaqda, sonra isə dünya arenasına çıxmasına təşviq etmişdi.
Məhz o, Azərbaycan bəstəkarlar ordusunun gözəl yaradıcılığını dünya ölkələrinə və xalqlarına tanıtmışdır.
Məhz o, bədii surətdə ifadə etsək, istedadlı Azərbaycan bəstəkarlarının adını tarixə həkk etdirmişdir.
Elə bir Azərbaycan bəstəkarı və Azərbaycan simfonik əsəri yoxdur ki, Niyazi onun ilk təfsirçisi olmasın. Niyazinin dirijor çubuğu Moskvada, Uzaq Şərqdə və Sibirdə, Leninqradda və Tbilisidə qanad çalmışdır. Bir sözlə, ölkəmizin simfonik orkestri olan bütün şəhərlərdə. Olmayan yerlərə isə, respublikamızın rayonlarına o, orkestr kollektivi ilə gedir, böyük sovet musiqi sənətini xalqla görüşdürürdü.
Niyazi dünyanın bir çox ölkələrində çıxış etmişdir. Adlarını çəkmək kifayətdir: Çexoslovakiya, Macarıstan, Rumıniya, MXR, Fransa, İngiltərə, Türkiyə. Bütün ölkələrdə onun dirijorluq məharəti haqqında çox yazılıb. Mən bu görkəmli ustadın gözəl sənəti haqqında deyilənlərdən bir neçə misal çəkmək istərdim:
"Niyazi - alovlu temperamenti ilə, qeyri-adi dərin və aydın düşüncəsi ilə qəlbləri fəth edən böyük interpretatordur" - B.Tarcan (Türkiyə).
"Fikrimcə, Niyazi dünyanın ən görkəmli dirijorlarından biridir" - P.Bonoski (ABŞ)
"Maestro Niyazinin idarəsi ilə "Qrand Opera"-nın möhtəşəm orkestri elə səslənirdi ki, buna yalnız böyük ustadın idarəsi ilə nail olmaq olardı" - P. Berlioz (Fransa).
Niyazinin ictimai fəaliyyəti haqqında söz açanda, ilk növbədə onun "övladı" sayılan, 1938-ci ildə yaratdığı Azərbaycan Dövlət Simfonik Orkestrini qeyd etməliyik. Üzeyir Hacıbəylinin adını daşıyan bu orkestr uzun illər ərzində Niyazi ilə yaradıcılıq təmasında professionallıq yüksəkliyini fəth etmiş, Azərbaycan simfonizminin əsl "yaradıcılıq laboratoriyası", fəaliyyətdə olan estetik tərbiyə "institutu" olmuşdur.
Niyazinin təşəbbüsü ilə Azərbaycanda, özünün də bədii rəhbəri olduğu, kütləvi mahnı bayramlarının, gənclər festivallarının keçirilməsi ənənəsi qoyulmuşdur; Bakıda Zaqafqaziya Respublikalarının Simfonuk Orkestrlərinin I Festivalının və I Ümumittifaq İnqilabi Mahnılar Festivalının keçirilməsi də onun təşəbbüsü və əməyinin nəticəsidir.
Bilirik ki, sənətdə gənc olmağın yaşla ən az əlaqəsi vardır. Şübhəsiz, çılğın kommunist Niyazi hələ uzun illər sovet xalqına sədaqətlə xidmət edəcəkdir.
Tofiq Quliyev
("Баку" qəzeti, 25 dekabr 1972-ci il)
"Маэстро Ниязи. Воспоминания, статьи, письма. Составители: Хаджар ханум Гаджибекова, Асильдар Гусейнов. Баку, Издательство "Ишыг", 1987. С. 201-205.
Tərcümə edən: AMMDM-nın şöbə müdiri Xanımbacı Abdinova








Rubrikalara








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.