22 aprel 2022
YENİDƏN BƏRPA OLUNMUŞ "PRİMA" (1992) SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI
22 aprel 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə yenidən bərpa olunmuş "Prima" (1992) sənədli filminin təqdimatı keçirilmişdir. Filmin ssenari müəllifi və rejissoru - Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Respublikasının Xalq artisti Tofiq İsmayılov, operatoru - Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Rafiq Qəmbərov, rəssamı - Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadə, bəstəkarı - Rauf Əliyevdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Daha sonra söz Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyevə verilmişdir. O, 1992-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sənətkar Taleləri" silsiləsindən Azərbaycan Respublikasının Xalq artisti, məşhur milli rəqqasə, baletmeyster və pedaqoq Əminə Dilbaziyə həsr olunmuş filmin yaradıcı heyəti və filmin bərpasının əhəmiyyəti haqqında danışmış, bərpa olunmuş filmin diskini muzeyə hədiyyə etmişdir.
Təqdimat mərasimində filmin yaradıcı heyətindən: kinooperator Rafiq Qəmbərov, aktyor, Əməkdar artist Ötkəm İsgəndərov, filmin rejissoru Tofiq İsmayılovun qızı Sevinc Rzayeva, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Əminə Dilbazi və bəstəkar, Xalq artisti Cövdət Hacıyevin oğlu Mikayıl Hacıyev çıxış etmişlər.
Təqdimat proqramında Əminə Dilbazinin həyatı və parlaq yaradıcılıq yolu haqqında danışılmış, muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.
Tədbir bərpa edilmiş "Prima" filminin nümayişi ilə davam etmişdir.
Tədbirlər
|