29 mart 2022
“NİYAZİ - 110”
Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun Maestro Niyazi haqqında xatirələrini ilk dəfə Azərbaycan dilində təqdim edirik.
NİYAZİNİN İSTEDADI ƏBƏDİDİR
Maestro atam - xanəndə, Azərbaycan muğamının bilicisi Zülfü Adığözəlov ilə yaradıcı tellərlə bağlı idi. Atam Niyazini çox bəyənirdi, onun sənətini, onun misilsiz musiqiçi istedadını qiymətləndirirdi, Niyazi isə öz növbəsində atamın ifaçılıq sənətinə hörmətlə yanaşırdı.
Niyazi özünün məşhur “Rast” simfonik muğamı üzərində işləyərkən atamla məsləhətləşirdi. Atamın onun üçün səslənmə gözəlliyinə görə, orkestr ifasının zərifliyi və incəliyinə görə dünya musiqi mədəniyyətinin ən görkəmli əsərləri səviyyəsində duran “Rast”a daxil olan “Əlində sazın qurbanın” xalq mahnısını oxuduğu yadımdadır.
Mən Niyazini Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbinə (indiki Bülbül adına musiqi məktəbi) daxil olduğum ilk günlərdən tanıyırdım. Biz tez-tez Dövlət simfonik orkestrinin konsertlərinə gedərdik. Pult arxasında Niyazinin durduğu gün, xüsusilə o, bizim məktəbin şagirdlərini müşayiət etdikdə bizim üçün bayram idi və hər birimiz onunla ifa etmək arzusunda idik. Mənim üçün belə bir gün 1953-cü ilə təsadüf edir.
O vaxtlar ən yaxşı məzun-pianoçular sırasında orkestrlə ifa etmək üçün məni də məsləhət görmüşdülər. Mənim həyəcanımı sözlə ifadə etmək çətindir. Mən Xaçaturyanın fortepiano ilə orkestr üçün konsertini ifa edirdim. Maestro mənimlə ən kiçik incəlikərini təhlil etdi, mövzusu “Laçın” Azərbaycan xalq mahnısından götürülmüş ikinci hissəni necə çalmağı, üçüncü hissənin rəqs əhval-ruhiyyəsini necə bədii surətdə təqdim etməyi mənə izah etdi. Maestronun bütün dediklərini mən xüsusi diqqətlə ifa etməyə çalışırdım. Konsert uğurla keçdi, Niyazi və orkestrin kollektivi ilə ilk görüşümü həyatım boyu yadımdan çıxara bilməmişəm.
Niyazi ölkəmizin indiki nəslinin bütün ifaçılarının inkişafında vacib rol oynamışdır. Bilavasitə Niyazi məktəbi keçmiş adları xatırlamaq kifayətdir. Tamilla Mahmudova, Elmira Nəzirova, Çingiz Sadıxov, Zivər Əliyeva, Fərhad Bədəlbəyli, Zöhrab Adığözəlzadə, Rafiq Quliyev, Svetlana Əliyeva, Sərvər Qəniyev, Adilə Əliyeva və başqaları. Biz Niyazinin indi ölkəmizin məşhur vokalçıları olan Lütfiyar İmanov, Fidan və Xuraman Qasımova bacıları, Mürsəl Bədirov, Aida Əliyeva və bir çoxlarının yaradıcılığında böyük rolunun şahidiyik.
Niyazinin dövrümüzün görkəmli ifaçıları - Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Zəhra Rəhimova, Firəngiz Əhmədova və başqaları ilə çıxışları yaddaşımızda həmişəlik həkk olunmuşdur. Niyazinin incəsənət ustaları və dünya şöhrətli musiqiçilərlə böyük yaradıcı dostluq əlaqələri var idi. Niyazinin qonaqpərvər evində biz Tixon Nikolayeviç Xrennikov, Boris Dmitriyeviç Kabalevski, Arkadi Raykin, David Oystrax, Leonid Koqan, xarici musiqiçilər – türk bəstəkarı Adnan Sayqun, fransız dirijoru Pyer Dervo, Van Klibern və başqa görkəmli musiqiçilərlə yaxından tanış olmaq imkanı əldə etmişdik.
60-cı illərdə Niyazi M.F.Axundov adına Akademik opera və balet teatrının direktoru və baş dirijoru vəzifəsində çalışırdı.
Qeyd etmək lazımdır ki, teatrımızın ən yaxşı tamaşaları Niyazinin adı ilə bağlıdır: F.Əmirovun “Sevil” operası, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti, Ə.Bədəlbəylinin “Qız qalası” baletinin yeni redaktəsi, Ü.Hacıbəylinin “Koroğlu” operasının və Q.Qarayevin “Yeddi gözəl” baletinin dekada üçün quruluşu və bir çox başqaları.
Həmin dövrdə maestro məni teatra dəvət etdi və bildirdi ki, C.Məmmədquluzadənin pyesi əsasında üzərində işlədiyim “Ölülər” operasının partiturası ilə tanış olmaq istəyir. Mən çox böyük həyəçanla operanı ona göstərdim. Musiqi Niyazinin xoşuna gəldi və o, operanı tamaşaya qoyacağını dedi. Mənə, gənc bəstəkara lazımi şərait yaradıldı və mən böyük ruh yüksəkliyi ilə maestro ilə işə başladım. O, partitura üzərində gecələr işləyir, məsləhətlərini verirdi, sanki hər şeyi əvvəlcədən səhnədə görürdü. Operanın quruluşçu-rejissoru gözəl rejissorumuz Ş.B.Bədəlbəyli, rəssamı E.Fətəliyev idi. Lakin Niyazi özünəməxsus enerjisi və fəallığı ilə operanın əsl bədii rəhbəri oldu.
Opera üzərində iş dövründə biz Niyazi ilə çox yaxınlaşdıq. Mənim, gənc bəstəkar üçün bu, əlbəttə böyük məktəb idi. Altı il ərzində Qara Qarayevin kompozisiya sinfində təhsil aldığım konservatoriyanı bitirdikdən sonra dərhal digər görkəmli musiqiçi ilə ünsiyyətə başlamaq, əlbəttə hər bir gənc bəstəkarın arzusu idi.
Niyazi ilə işləmək müstəqil musiqiçi kimi formalaşmağımda çox böyük rol oynamışdır. Mən fəxr edirəm ki, Qara Qarayevin tələbəsiyəm, amma mənim bir bəstəkar kimi inkişafımda Niyazinin də xidməti danılmazdır.
Niyazinin nəfis və aydın partiturası dinləyiciləri, xüsusilə musiqiçi-bəstəkarları həmişə heyran edirdi. Bir çox bəstəkarlar onu təqlid edirdilər, Niyazi kimi yazmağa çalışırdılar, lakin cəsarətlə demək olar ki, Niyazidə olduğu kimi, heç kimdə orkestr bu qədər gözəl, rəngarəng səslənmirdi. Ona özünəməxsus orkestr palitrası xas idi. Biz bunu onun “Rast”ında, “Qara gilə” xalq mahnısının işləməsində və bir çox digər əsərlərində hiss edirik.
Niyazi çox gözəl müşayiətçi idi və təbiidir ki, bütün qastrolçular yalnız onunla ifa etmək istəyirdilər.
Niyazinin Van Klibernlə ilk çıxışı yadımdadır. P.İ.Çaykovski adına birinci müsabiqədən sonra Van Klibern Bakıya gəlmişdi. Proqramda Raxmaninovun orkestrlə fortepiano üçün 3-cü konserti yer almışdı. Niyazi və Van Klibern ilk dəfə idi ki, görüşürdülər. Yay vaxtı idi və günorta saat 5-də filarmoniyanın yay zalında ilk məşq elan edilmişdi. Van Klibern məşqə 10 dəqiqə qalmış gəlmişdi.
Bu vaxtlar Van Klibern çox məşhur idi və bu istedadlı musiqiçini yaxından görmək, onun parlaq ifasını dinləmək istəyənlər çox idi. Solistin razılığını alaraq biz zala dinləyiciləri buraxdıq. Və tam dolu zalda məşq başlandı.
Raxmaninovun məftunedici musiqisi, əla kulminasiyalar, solistin mahir ustalığı və orkestr musiqisinin parlaq parçaları dinləyiciləri o qədər valeh etmişdir ki, son akkordlardan sonra bir anlığa sakitlik çökdü və birdən... gurultulu alqışlar!
Van Klibern və Niyazi konserti bir göz qırpımında ifa etdilər. Gənc Klibern maestronun ustalığına heyranlığını bildirərək qeyd etdi: “Niyazi – dahi müşayiətçidir”.
Niyazinin həyat və yaradıcılığı xalqla sıx bağlı idi. O, əsl xalqın övladı idi. Harada olmasından asılı olmayaraq onun ətrafında həmişə ona məhəbbətlə müraciət edən və qulaq asan kütlə yığışaqdı. Niyazi öz təmayülünə (profilinə) malik olan, xalq musiqi sənətinin mənbələrinə əsaslanan musiqini qəbul edirdi.
Mən Niyazi ilə ilk konsertimin Zivər Əliyevanın iştirakı ilə səs yazılışını xatırlayıram. Günlərin bir günü Moskvaya uçuram, təyyarə salonunda Niyazini görürəm. “Moskvaya nə üçün uçursan?” – deyə, o soruşdu. Cavab verirəm:
- Kinomusiqiyə səs yazılışı üçün.
- Kim dirijorluq edəcək?
- Siz!! – cürət edib dedim.
Niyazi ilə birgə biz “Cazibə qüvvəsi” filmi üçün musiqinin səsyazısını həyata keçirdik. Mən Kinemotoqrafiya orkestrinin üzvlərinin maestro Niyazini necə isti və mehribanlıqla qarşıladıqlarının şahidi oldum.
1979-cu ildə Niyazi Azərbaycan bəstəkarlarının V qurultayında ilk dəfə mənim üçüncü simfoniyamı ifa etdi. Bu çox gözəl ifa idi. Sonralar simfoniya bir çox xarici ölkələrdə ifa olundu, lakin bu əsərin ən yaxşı təfsirçisi sözsüz Niyazi idi.
Hal-hazırda Azərbaycan musiqi incəsənətini Niyazisiz təsəvvür etmək çətindir. Niyazi onun vicdanı və şərəfi idi. İstedadlı musiqi, yüksək bədii keyfiyyətli əsərlər – maestro Niyazi üçün vacib olanlar bax bunlar idi. Və təsadüfi deyil ki, onun yaratdığı partituralar Azərbaycan professional musiqisinin inkişafı üçün qiymətli töhfədir.
... Niyazisiz kədərlidir. Onun bizimlə olmaması fikri ilə barışmaq çətindir. Biz hər gün, hər saat və hər dəqiqə xəyalən ona müraciət edirik. Mən şəxsən xoşbəxtəm ki, həyatımın bir çox ilini bu böyük musiqiçinin yanında keçirmişəm. Və indi radio və ya televiziya ekranında Niyazinin musiqisini dinləyərkən onun olməzliyinə, bəstəkar və dirijorun böyük istedadının əbədiliyinə bir daha əmin olursan.
“Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà. Ñîñòàâèòåëè: Õàäæàð õàíóì Ãàäæèáåêîâà, Àñèëüäàð Ãóñåéíîâ. Áàêó, Èçäàòåëüñòâî «Èøûã», 1987. Ñ. 163-166.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov
Rubrikalar
|
|