az | ru | en

15 mart 2022
“NİYAZİ -110”



Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Aqşin Əlizadənin Maestro Niyazi haqqında xatirələrini ilk dəfə Azərbaycan dilində təqdim edirik.
MAESTRO – MƏNİM ÜRƏYİMDƏDİR
“Niyazi” deyəndə və ya eşidəndə, göz önündən bütün Azərbaycan bəstəkarlıq məktəbinin tarixi: onun ilk addımları, təşəkkülü, böyük uğurları keçir. Niyazi adı bizim musiqi mədəniyyətimiz ilə əbədi və möhkəm bağlı olaraq, onun rəmzlərindən biri olmuşdur. Dirijor-sehrbaz, öz sehrli dirijor çubuğunun hərəkəti ilə böyük ustadların çox partituralarına həyat verərək o, dünyaya ovsunlayıcı musiqi səslərini bəxş etmişdir. Bir bəstəkar kimi Azərbaycan musiqisinin inkişafına əvəzsiz tövhələr vermiş, hələ həyatda ikən onun klassikləri sırasında şərəfli yer tutmuşdur.
Tale mənə həyatım boyu bu böyük insan və musiqiçi ilə ünsiyyətdə ola bilmək xoşbəxtliyini nəsib etmişdir. Babamı, Azərbaycanın ilk çekistlərindən biri, sonralar Sovet İttifaqı Qəhrəmanı olacaq Mehdi Hüseynzadənin atası olan Hənifə Hüseynovu yaxşı tanıyır, tez-tez onun evində qonaq olardı. Məhz orada ilk dəfə Niyazini görən valideyinlərim onun nəcib simasını, mehriban, açıq təbəssümünü həmişəlik yadda saxlamışdılar. Onun evimizə hər gəlişi ailəmizdə heyrətamiz canlanma yaradırdı.
Mənim Niyazi haqqında ilk təəssüratlarım isə ecazkar musiqi dünyası ilə bağlıdır. O, gözəl pianoçu kimi Azərbaycan xalq mahnılarını, rəqslərini məharətlə fortepiano arxasında improvizasiyalar edərək saatlarla ifa edərdi. Yadımdadır, bir qədər yaşa dolduqca arabir mən də maestro ilə evdəki musiqi ifalarına qoşulub dörd əllə birlikdə çalardıq.
Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olarkən, mən tez-tez Niyazinin məşqlərinə gedər, çalışardım ki, onun bir konsertini də buraxmayım. Maestronun hər çıxışı böyük musiqi bayramı idi. Onun konsertlərinin daimi iştirakçısı kimi deyə bilərəm ki, dirijor Niyazinin sehrli təsir sənəti dinləyiciləri üçün heyrətamiz idi. Maestro sərkərdəyə bənzər əzəmətli, eyni zamanda zərif vücudu ilə pult arxasına keçəndə zal möcüzə gözləyərək donurdu. Möcüzə də hər zaman baş tuturdu. Onun zərif və plastik əlləri ilə yaratdığı görünməmiş enerji gücünə malik səslər dinləyicisini titrədərək sevinməyə, iztirab çəkməyə və valeh olmağa vadar edirdi.
Niyazi ilə mənim bəstəkar kimi ilk görüşüm elə tələbəlik illərində olmuşdu. Üçüncü kursda oxuyurdum, uzun tərəddüdlərdən sonra, qorxa-qorxa, “ittiham” gözləyərək nəhayət ki, öz fortepiano üçün sonatamı ona göstərməyə qərar verdim. Maestro diqqətlə bu işimi nəzərdən keçirib məni dəstəkləyəndə, bir sıra qiymətli məsləhətlərini verəndə mənim sevincimin həddi-hüdudu yox idi. Yaxşı yadımdadır, Niyazinin müşahidə qabiliyyəti, ayrı-ayrı təyinlərdə dəqiqliyi məni valeh edirdi. Onun həmin vaxt dediyi bir ifadə mənim yaddaşımda dərindən həkk olunmuşdur. Niyazi mənə əsərin formasının, mənasının, məntiqinin xüsusilə vacib olduğunu qeyd edərək Q.Qarayevi misal gətirdi: “Bu bəstəkar əsərin formasını o qədər incəliklə hiss edir ki, hər an qayçını alıb bütün artıq bildiyini kəsib ata bilər”.
Sonralar da dəfələrlə mənim Niyazi ilə yaradıcı görüşlərim olmuşdur. Mən, dövrün bir çox başqa bəstəkarları ilə yanaşı, Niyazinin sayəsində böyük orkestrlə heç nə ilə müqayisə oluna bilməyəcək ünsiyyət dəqiqələri yaşamışam. Bir çox maraqlı və ibrətamiz şeyləri Niyazi ilə “Kənd süitası”, “İyirmi altılar” kantatası üzərində işləyərkən öyrənmişəm. Artıq birinci məşqə o, xırdalıqlarına qədər öyrənilmiş və analiz olunmuş partitura ilə gəlirdi. Təsadüfi deyil ki, onun verdiyi gözlənilməz suallar bəzən əsərin müəllifini belə çıxılmaz vəziyyətə salırdı. Onunla işləyən bəstəkarlar yaxşı dərk edirdilər ki, dirijora tamamlanmamış, yaxşı düşünülməmiş əsəri gətirmək olmaz. İşinə çox məsuliyyətli və tələbkar olan maestro başqalarından da işlərində bu münasibəti tələb edirdi.
Bununla bağlı mən bir epizodu xatırlayıram, bəlkə də adi görünə bilər, amma bu maestronun işində qarşısıalınmaz, fədakar olmasının göstəricisidir. Bir axşam Niyazi mənə zəng edib Raxmaninovun fortepiano üçün Dördüncü konsertinin qramvalı ilə onlara gəlməyimi xahiş etdi. Məsələ burasında idi ki, Niyazi təcili olaraq bu əsəri xarici qonaq ifaçının gəlişi üçün hazırlamalı idi, proqram barədə isə ona yalnız bir neçə saat əvvəl məlumat vermişdilər. Bütün gecəni maestro əsərin partiturası üzərində işləməklə, hər bir xırda detalı analiz etməklə keçirtdi. Yaradıcılıq ekstazında olan maestro işinə o qədər aludə olmuşdu ki, ətrafında heç nəyi görmürdü. O, ertəsi gün toparlanmış və ciddiyyətlə bütün bu gərgin işi orkestrlə yerinə yetirdi, üçüncü gün isə artıq orkestr solistlə məşq edəndə hər şey konsert üçün hazır idi. Ən yorğun isə, deyəsən mən görünürdüm...
Niyazi dünya musiqisinin, xüsusilə rus klassiklərinin çox sayda əsərlərinin parlaq ifaçısı idi. Onun istedadı həqiqətən universal və çoxşaxəli idi. Hər bir böyük sənətkarı fərqləndirən cəhət onun başqalarının edə bilməyəcəyini bacaqmaq qabiliyyətidir. Niyazi Azərbaycan musiqisinin şedevrlərinin yeganə və təkrarolunmaz interpretatoru idi. Bu gün də təsəvvür etmək çətindir ki, Niyazi olmasa idi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov musiqisi dünyada necə səslənəcəkdi. Maestronun yüngül əli sayəsində çox əsərlər ilk ifasından sonra şöhrət qazanmış və orkestrin repertuarında uzunmüddətli qeydiyyata düşmüşdü. Bakıda Qara Qarayevin “İldlrımlı yollarla”, Leninqradda (Sankt-Piterburq) Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərinin, Cövdət Hacıyevin Dördüncü simfoniyasının premyeralarının zəfərləri mənim hafizəmə həkk olunmuşdur. Hər bir böyük musiqiçi kimi, təbii ki, Niyazinin də nəhəng musiqi dünyasında bağlı olduğu, öz simfoniyaları var idi, hansılar ki, illər ərzində korrektə olunur, vacib düzəlişlərə məruz qalırdı. Ancaq ilk məhəbbəti olan – dahi Üzeyir Hacıbəyli musiqisinə Niyazi ömrünün sonuna kimi sadiq idi. “Üzeyir əmi” – o, bəstəkarın adını məhz belə, mehribanlıqla və eyni zamanda hörmətlə çəkirdi. Adama elə gəlirdi ki, bütün yaradıcılığı dövründə Üzeyir Hacıbəylinin əsərlərini ifa edərək naməlum bir şey saxlamamışdı. Ancaq bu maestro idi və hər dəfəsində bu böyük musiqiyə müraciət edəndə eyni həyəcanla onun yeyi-yeni tərəflərini açırdı.
Bir uşaq kimi sevinmək, musiqi dünyasının gözəl səsləri ilə qarşılaşdığı zaman vəcdə gəlmək qabiliyyətini qoruması – məhz bunlar Niyazinin fərqli cəhətləri idi. O, tez coşan, bəzən ziddiyyətli ola bilərdi, amma biganə və laqeyd isə - heç zaman. Ən həlledici anda, səhnəyə çıxıb pult arxasına keçdiyi zaman, həyatda hər şey ikinci plana keçirdi.
Maestronun axırıncı işlərindən biri yadıma düşdü. Bu SovİKP-nin XXVI qurultayı zamanı idi, təntənəli konsert proqramına mənim əsərim də salınmışdı. Burada mən nəhəng iradə və cəsarət sahibini gördüm. Məhz cəsarət.... Konsert ərəfəsində Niyazi ciddi xəstələnmişdi və özünü pis hiss edirdi. Hamı onun səhhəti üçün narahat idi və hesab edirdilər ki, belə vəziyyətdə çıxış etmək olmaz. Ancaq bu Niyazi olmazdı. Konsertin başlamasına az qalmış, cox güman böyük səylər göstərərək o, birdən dəyişdi; xəstəlik sanki heç yox imiş. Maestro dirijor pultu arxasında yerini tutaraq, hər zamankı kimi, böyük ilhamla konserti idarə etdi. Belə fədakarlıq və səbr yalnız böyük Niyaziyə xas olan cəhət idi.
Bir neçə il bundan əvvəl, maestronun yetmiş illik yubileyi ərəfəsində, mən “Onun əsas konsertləri qarşıdadır” başlıqlı məqalə yazmışdım. Düşünürəm ki, bu sözləri bu gün də Niyaziyə aid etmək olar, çünki maestronun ifaçılıq sənəti çoxsaylı qramvallarda və səs yazılarında yaşayır, onun əsərləri yaşayır və dünyada milyonlarla insana əsl sənətlə ünsiyyətdə olmaq sevinci bəxş edərək onları mənəvi cəhətdən zənginləşdirir. Nə qədər ki, musiqi yazılır, səslənir – Niyazi yaşayır.
“Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà. Ñîñòàâèòåëè: Õàäæàð õàíóì Ãàäæèáåêîâà, Àñèëüäàð Ãóñåéíîâ. Áàêó, Èçäàòåëüñòâî «Èøûã», 1987. Ñ. 78-80.
Tərcümə edən: AMMDM-nın şöbə müdiri Xanımbacı Abdinova








Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.