az | ru | en

5 mart 2022
“NİYAZİ -110”


Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin Maestro Niyazi haqqında xatirələrini ilk dəfə Azərbaycan dilində təqdim edirik.
Parlaq yaradıcılıq
Mən özümü xoşbəxt adam hesab edirəm, çünki həyat mənə XX əsrin bir çox görkəmli musiqi mədəniyyəti xadimləri ilə ünsiyyət və dostluq bəxş etmişdir. Onların arasında bizim unudulmaz maestro Niyazinin xüsusi yeri vardır. O, heyrətamiz bir insan və çox gözəl sənətkar idi .Nadir istedada malik dirijor, gözəl bəstəkar, görkəmli musiqi-ictimai xadim olan Niyazinin parlaq sənəti xalqımızın musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmışdır. Mənə onunla ünsiyyət saxlamaq, onu bir insan və sənətkar kimi tanımaq nəsib olmuşdur.
Mən onu ilk dəfə 1938-ci ildə filarmoniyada simfonik konsert zamanı görmüşdüm, daha doğrusu eşitmişdim. Moskvada təntənə ilə keçən Azərbaycan incəsənətinin ilk dekadası təzəcə sona yetmişdi və Bakıda dekadanın proqramına daxil olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət simfonik konsertlər təşkil olunmuşdur. Bu konserlərin birində mən də iştirak edirdim. Konsertdən təəssürat son dərəcə heyrətləndirici idi. Eşitdiyim musiqiyə valeh olmuşdum. Məni musiqinin çox gözəl təfsiri, maestronun əllərinin qeyri-adi plastikliyi məftun etmişdi – mənim üçün bu, füsunkar idi. Bir qədər sonra isə bizim yaradıcılıq əlaqələrimiz yarandı.
1940-cı ildə mənə “Tələbələrin kələyi” komediyası üçün musiqi yazmağı sifariş etdilər. Bu əsəri görkəmli aktyorumuz Mustafa Mərdanov Azərbaycan musiqili komediya teatrında səhnəyə qoymağa hazırlaşırdı. Bu, mənim üçün, gənc bəstəkar üçün çətin və məsuliyyətli iş idi və mənim yaradıcı köməyə ehtiyacım var idi. Yadımdadır, o vaxtlar bütün gənc bəstəkarlar Niyaziyə can atırdılar. Axı o yalnız dirijor deyildi, həm də orkestri gözəl bilən bəstəkar idi. Onun konsert “Ləzginka”sının partiturasını necə də maraqla nəzərdən keçirirdim. Sonralar da bu əsər rəqslərin milli xüsusiyyətləri, harmonik dilin təravəti, parlaq orkestrovkası ilə diqqəti cəlb edirdi.
Musiqili komediyama musiqi yazarkən mənim üçün ilk çətinlik orkestrovka idi. Niyazi böyük məhəbbətlə, vaxtına və gücünə heyfi gəlmədən mənə kömək etməyə başladı. Bütün günü mən onun evində partitura üzərində işləməklə keçirirdim. Bu isə mənim üçün şəxsən maestro Niyazidən aldığım gözəl orkestrovka məharəti məktəbi idi. O bütün incəlikləri ilə mənə ilk partituramın yaranması təcrübəsində instrumentovkanın “sirlərini” öyrədirdi., bundan əlavə, mənə Şarl-Mari Vidorun “Müasir orkestrovkanın texnikası” (“Òåõíèêà ñîâðåìåííîé îðêåñòðîâêè”) kitabını bağışladı. Bu kitabdan mən indiyədək istifadə edirəm. Bu mənim stolüstü kitabımdı və mənim üçün bir də ona görə dəyərlidir ki, kitabın səhifələrində Niyazinin əli ilə yazılan qeydlər vardır. Mənim üçün qiymətli olan bu yaradıcılıq ünsiyyətini, əsil sənətkara bu cür yaxınlığı heç vaxt yaddan çıxartmaram. Sonralar da bizim əlaqələr davam edirdi. Bəstəkarlıq ustalığımın bərqərar olmasının ilk dövrlərində Niyazi ilə birgə mahnılar, “Kolxoz səhəri” vokal-simfonik süita yazdıq.
Niyazi ilə ünsiyyət həmişə çox əhəmiyyətli idi. Axı onun evində görkəmli musiqiçilər: bəstəkarlar, ifaçılar, vokalçılar, dirijorlar yığışardı. Bakıda yaşayanlar, qastrola gələnlər evində həmişə musiqi səslənən insanın yanında olmağı özlərinə müqəddəs borc bilirdilər. Musiqi mədəniyyəti xadimləri ilə mənim bir çox yaradıcılıq əlaqələrim məhz bu evdən başlamışdır. Niyazinin evi haqqında danışarkən Niyazinin vəfalı dostu və həyat yoldaşı Həcər xanımı yada salmamaq mümkün deyildir. O bu evin möhkəm və etibarlı dayağıdır. İnsanlara son dərəcə yaxşı yanaşması, evlərinə gələn hər kəslə ümumi dil tapma bacarığı olan çox mehriban qadındır.
Niyazi çox istedadlı musiqişi idi. Partituranı necə də son dərəcə dəqiq hiss edir və görürdü! Qara Qarayevin yenicə bitirdiyi “Albaniya rapsodiyası”nı Niyaziyə göstərməsi yadımdadır. Əsərə bir qədər baxaraq o dərhal işə başladı. Ona görə də təəccüblü deyil ki, öz əsərlərinin premyerası üçün bəstəkarlar məhz bu cür dirijor arzu edirdilər. Niyazi Aərbaycan bəstəkarlarının demək olar ki, bütün simfonik əsərlərinin və bir çox musiqili-səhnə əsərlərinin, kantata-oratoyalarının ilk və ehtiraslı təfsirçisidir. Bu mənada mənim də bəxtim gətirmişdir. Maestro Niyazi mənim bir çox simfonik əsərlərimin ilk ifaçısı olmuşdur: “Gənclik simfoniyası”, “Rəqs lövhələri”, Skripka konserti (solist Azad Əliyev), balet süitaları, kantata- oratoriya musiqimin bir çox əsərləri. Musiqim Niyazinin əlində yarananda həyatımın ən xoşbəxt anları olurdu. Niyazidə musiqinin şərhi dərindən başa düşülən və əsərin məzmununun ideya-emosional parlaq açılması ilə, qeyri-adi coşqu və cəlbedici ehtirasla həmişə fərqlənirdi.
Niyazi – musiqi mədəniyyətinin yorulmaz təbliğatçıdır. Onunla birlikdə Azərbaycan musiqisi vətənimizdən çox uzaqlara addımlamış və geniş dinləyici auditoriyasına məlum olmuşdur. XX əsr bədii sənəti üçün bu cür təkrarolunmaz şəxsiyyətin xidmətlərini qiymətləndirmək çətindir. Sələfləri və müasirlərinin yazdığı musiqini ifa edən çox geniş yaradıcılıq diapazonuna malik sənətkar: Bax, Mosart, Bethoven, Qriq, Borodin və Musorqski, Raxmaninov və Çaykovski, Stravinski, Şostakoviç və Prokofyev, Ü.Hacıbəyov və Qarayev və daha sonra bütün Azərbaycan bəstəkarlıq məktəbi. “Niyazi Musiqi formasının quruluşunu çox incəliklə hiss edir, partituralar onun tərəfindən elə nöqsansız və elə təmiz ehtirasla oxunur ki, yüksək gərginlikli simfonik cərəyan əmələ gəlir” – Bu sözlər Dmitri Şostakoviçə məxsusdur. Dahi bəstəkar dirijorun yaradıcı fərdiliyinin xüsusiyyətlərini bu cür izah etmişdir.
Niyazinin adı musiqi dünyasına yaxşı məlumdur. Musiqi dünyası onu müasir dövrümüzün ən yaxşı dirijorları sırasına daxil etmişdir. O, məşhur simfonik orkestrlərə rəhbərlik etmiş; zəmanəmizin görkəmli artistləri onun konsertlərində yəqin ona görə məmnuniyyətlə çıxış edirdilər ki, Niyazi musiqini sevirdi və uzun illər ona sədaqətlə və təmənnasız xidmət etmişdir.
“Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà. Ñîñòàâèòåëè: Õàäæàð Ãàäæèáåêîâà, Àñèëüäàð Ãóñåéíîâ. Áàêó, Èçäàòåëüñòâî «Èøûã», 1987. Ñ. 63-65.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov








Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.