1 mart 2022
“Fortepiano nəğməkari” Frederik Şopen (01.03.1810-18.10.1849)
Bu gün böyük bəstəkar, polyak milli musiqisinin klassiki Frederik Şopenin doğum günüdür.
Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında Jelyazova Volya qəsəbəsində dünyaya gəlib. Musiqiçi ailəsində doğulan Şopeni uşaqlıqdan musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. F.Şopen 1826-cı ildə Varşava Ali Musiqi Məktəbinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Təhsil illərində o, bir çox fortepiano əsərlərini hazırlayır. Bu zaman o, həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır. Bəstəkar əsasən, fortepiano aləti üçün müxtəlif janrlı əsərlər: etüdlər, mazurkalar, polonezlər, valslar, konsertlər, prelüdlər, sonatalar və s. yaratmışdır.
Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman “fortepianonun şairi” adlandırırlar. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular onun əsərlərində ustalıqla əks etdirilir. Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada, eləcə də Azərbaycanda çox ifa olunan və sevilən bəstəkarlardan biridir.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Frederik Şopenə aid bəzi materialları və Avropada yaşayan dünyaşöhrətli pianoçu, professor, Azərbaycan Respublikasının Əməkdar artisti, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyevanın Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ifa etdiyi F.Şopenin “Vals”ını təqdim edirik.
Ümumi xəbərlər
|
|