25 fevral 2022
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında yeni rubrikaya başlayır. “Şuşa musiqiçiləri” rubrikasında hər həftə muzeyin zəngin kolleksiyalarından mövzuya uyğun materiallar təqdim ediləcəkdir. Şuşa musiqiçiləri haqqında Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın məqaləsindən sitatlar gətiririk:
“Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, Italiyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasıqda məşhur kəlam vardır ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulmuşdur. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverşli təbii səngər rolunu oynayırdı. Pənah xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə "Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla "Şuşa qalası" adlanmağa başlandı.
Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
Şuşa – Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi Isinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, Islam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun vətənidir”.
Bugünkü rubrika Mir Möhsün Nəvvaba həsr olunur.
Mir Möhsün Nəvvab Qarabaği (1833 - 1918). Şair, rəssam, xəttat və musiqişünas. Muğamı öyrənmək və ifa etmək istəyənlərə praktiki vəsait kimi “Vüzuh ül-ərqam” (“Rəqəmlərin aydınlaşdırılması”) traktatını (1884) yazmışdır. Əsərdə o dövrün əsas muğamları, muğam təranələrinin yaradılmasının nəzəri qaydaları, onların ifa tərzi, şeir mətnlərinə münasibət haqqında məlumat verilmişdir.
Traktat Azərbaycan musiqisinin nəşr olunduğu ilk əsər və qiymətli tarixi sənəd olaraq XIX əsrin ikinci yarısında Azərbaycan xalq musiqisi mədəniyyətinin yüksək səviyyəsini sübüt edir.
Muzeyin zəngin kolleksiyalarında qorunan eksponatı sizə təqdim edirik.
Məcmuə. Mir Möhsün Nəvvab. “Musiqi sənəti”. Orucov qardaşları nəşriyyatı, Bakı, 1913
Tədbirlər
|
|