4 noyabr 2021
ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT
4 noyabr 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 noyabr Zəfər Günü münasibətilə konsert keçirilmişdir.
8 noyabr Azərbaycan Respublikasının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi qeyd ediləcəkdir.
Konsertdə bəstəkar Məmmədağa Umudovun Zəfər Gününə həsr etdiyi “Marş” Svetlana Əhmədova (f-no), Cəlalə İsmayılzadə (f-no), Fəqan Ələsgərovun (zurna) ifalarında səslənmişdir. Həmçinin, AMMDM-nin Qədim Musiqi Alətləri Ansamblı, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri, Vətən müharibəsi qaziləri, Bakı Humanitar Kollecinin tar müəllimi Fərid Atazadə, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Məbud Əhmədov, Sübhan Xankişiyev iştirak etmişlər. Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadə və Tamerlan Mahmudovun ifalarının video görüntüləri təqdim olunmuşdur.
Tədbirlər
|