10 oktyabr 2021
DÜNYA MUSİQİ TARİXİNDƏN
CÜZEPPE VERDİ
(10.10.1813-27.01.1901)
Görkəmli bəstəkar Cüzeppe Verdinin yaradıcılığı XIX əsrin II yarısında italyan operasının zirvəsini təşkil edərək onun misilsiz çiçəklənmə dövrünə təsadüf edir və realist incəsənətin nailiyyətlərinin bariz nümunəsidir. Bəstəkar uzun ömür sürmüş və 26 opera, rekviem, kantatalar, simli kvartet, vokal ansamblları, romanslar, mahnılar bəstələmişdir. Vətənpərvər bəstəkar olan Verdinin yaradıcılığı İtaliyanın ictimai həyatı ilə bağlı idi. Təsadüfi deyildir ki, onu «İtalyan inqilabının maestrosu» adlandıdırdılar.
Dahi bəstəkarın “Riqoletto”, “Trubadur”, “Traviata”, “Don Karlos”, “Aida”, “Otello” və digər operaları dünya mədəniyyəti xəzinəsinin nadir inciləridir. Onun əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. C.Verdi operalarının hər hansı teatrda səhnə təcəssümü həmin yaradıcı kollektivin istedadının və potensial imkanlarının ifadəsidir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının zaman-zaman C.Verdi operalarına müraciəti ənənəvi hal daşıyır. Fəxrlə deyə bilərik ki, vaxtılə səhnəmizə bəzək verən “Otello”, “Riqoletto”, “Don Karlos”, “Aida” kimi möhtəşəm tamaşalar həm bədii dəyərinə, həm də əsas rollarda çıxış edən vokalçıların bənzərsiz ifalarına görə sənətsevərlərin rəğbətini qazanmışdır.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarından görkəmli bəstəkar Cüzeppe Verdinin Azərbaycanda səhnəyə qoyulmuş operalarının tamaşalarından bəzi materialları sizə təqdim edirik.
Tədbirlər
|