25 sentyabr 2021
DMİTRİ ŞOSTAKOVİÇ
(25.09.1906 – 09.08.1975)
Bu gün görkəmli bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim, professor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Dmitri Dmitriyeviç Şostakoviçin 115 yaşı tamam oldu.
Dmitri Şostakoviç XX əsr dünya musiqisinin ən nəhəng nümayəndələrindən biridir. Onun kəskin dramatik, hətta faciəvi musiqisi zorakılığa, qəddarlığa qarşı çıxır, insanın xoşbəxt gələcəyinə inadkarlıqla can atmasını tərənnüm edir. Şostakoviç dünya simfonik musiqisinin Bethoven, Çaykovski və Maler kimi böyük ustadları ilə bir sırada duran sənətkardır. Bəstəkar əsasən simfoniya və kvartetlərin müəllifidir. D.Şostakoviç 15 simfoniya, 15 simli kvartetlər, operalar (“Ledi Maqbet Mtsenskoqo uezda”, “Burun”, “İqroki”, operetta “Moskva, Ceryomushki”, baletlər “Zolotoy vek”, “Bolt”, “Svetlıy ruçey”, Bayram uvertürası, “Pesn o lesax” oratoriyası, 24 prelüdiya və fuqa, bir sıra romanslar, kino və tamaşalara musiqinin müəllifidir.
Dmitri Şostakoviçin bəstəkar yaradıcılığı və pedaqoji fəaliyyəti Azərbaycan musiqi incəsənəti ilə bağlı olmuşdur. Dahi bəstəkar və pedaqoq ilk növbədə Azərbaycanın musiqi tarixinə, bəstəkarlıq məktəbinin inkişafına, müasir musiqi incəsənətinə Qara Qarayev və Cövdət Hacıyev kimi qüdrətli şəxsiyyətləri bəxş etmişdir. Azərbaycanın çox görkəmli bəstəkarlarından Soltan Hacıbəyov və Elmira Nəzirova da Dmitri Şostakoviçdən bəstəkarlıq dərsləri almışlar. Onun öndə Üzeyir Hacıbəyli olmaqla, Azərbaycan bəstəkarları, dirijorları və musiqiçiləri ilə yaradıcılıq münasibətləri və dostluğu, Bakıya mütəmadi səfərləri, Üzeyir Hacıbəyovun və Azərbaycan bəstəkarlarının əsərləri haqqında dəyərli fikiləri və rəyləri, bəstəkarlıq məktəbinə müsbət və diqqətlə yanaşması, öz əsərlərinin Bakıdakı ifasına yüksək qiymət verməsi - bütün bunlar dahi bəstəkarın həyat və yaradıcılıq bioqrafiyasnın ayrılmaz səhifələrdir. Azərbaycanın və Rusiyanın XX əsr musiqi tarixində mühüm faktlardan biri də Dmitri Dmitriyeviç Şostakoviçin Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif olunmasıdır.
D.Şostakoviçin əsərləri Azərbaycanda həmişə ifa olunmuş, həmişə böyük maraqla və sevgi ilə dinlənilmiş və əlbəttə, həmişə yüksək qiymətləndirilmişdir.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında saxlanılan və nümayiş olunan görkəmli bəstəkar Dmitri Şostakoviçə aid materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|
|