az | ru | en

3 sentyabr 2021
NİZAMİ GƏNCƏVİ - 880


Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rubrikanı davam edirik.
Muzeyin zəngin kolleksiyasından növbəti eksponatı təqdim edirik.
Not. “Azərbaycan bəstəkarlarının Nizaminin qəzəllərinə yazdıqları nəğmə və romanslar” toplusu. Səs və fortepiano üçün. Redaktor: Fikrət Əmirov. Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. Bakı, 1947
Təqdim olunan eksponat bu yaxınlarda muzeyə tanınmış musiqişünas, tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Qubad Qasımovun nəvəsi Alla Qasımova tərəfindən verilmiş arxiv materiallarından biridir. Bu toplu ədəbiyyatla musiqinin vəhdətinin təzahürüdür.
Qubad Abdulla oğlu Qasımov 1896-cı ildə Karyagin (indiki Fizuli) rayonunun Qarğabazar kəndində anadan olub. O, ilk təhsilini Gürcüstanda Qori müəllimlər seminariyasıda almışdır, daha sonra isə Lənkəran klassik gimnaziyasında təhsilini davam etmiş və 1917-ci ildə buranı bitirmişdir. Böyük qürur hissi ilə qeyd edirik ki, 2020-ci ildə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Qarğabazar kəndini mənfur düşməndən azad edib.
1940-1944-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının İncəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləyib, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olub.
Üzeyir Hacıbəyli ilə qohumluq əlaqəsi (bacanağı) olan musiqişünas dahi bəstəkarın ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların – “Ü.Hacıbəyov” monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), “Ü.Hacıbəyov. Biblioqrafiya” (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən “Ü.Hacıbəyov” biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir Hacıbəylinin ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidmətləri var.
Qubad Qasımov Nizami Gəncəvinin əsərlərində musiqi həyatı mövzusununa ilk dəfə müraciət edən tədqiqatçı olmuşdur. O, ədəbiyyat tarixi ilə musiqi tarixini birləşdirmişdir: burada orta əsrlərdə Azərbaycanda musiqi həyatı haqqında məlumat ehtiva edilir. Nəticə olaraq 1940-cı illərinin sonunda onun məqalələri nəşr olunmuşdur. Bu barədə rubrikamızın növbəti buraxılışında məlumat verəcəyik.
Qubad Qasımov 1992-ci ildə vəfat edib.







Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.