23 avqust 2021
ZƏHRA QULİYEVA
(23.08.1951)
Bu gün tanınmış skripkaçı, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Zəhra xanım Quliyevanın yubileyidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Zəhra xanımı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət, davamlı yaradıcılıq uğurları arzulayır.
Zəhra Quliyeva Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir.
1978-1993-cü illərdə Azərbaycan Dövlət Konservatoriyası “Simli alətlər” kafedrası müəllim vəzifəsində, 1993-98 Türkiyə Bilkənt Universitetində, 1998-2001-ci illərdə Makao Qubernatorluğunun kamera orkestrinin konsertmeysteri vəzifəsində çalışıb. 2001-ci ildən hal-hazıradək Zəhra Quliyeva Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor vəzifəsində çalışır. 1993-cü ildə Respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür.
Zəhra Quliyeva dəfələrlə Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İtaliya, Bolqarıstan, Amerika və Avropanın bir sıra şəhərlərində konsert proqramları ilə uğurla çıxış edib. Ilk dəfə Azərbaycan dilində yazılan “Skripka sənəti tarixi” dərsliyinin, violino ifaçılığına dair metodik vəsait və dərsliklərin müəllifidir.
Zəhra xanım Quliyeva Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. O, mütəmadi olaraq muzeydə və filiallarımızda keçirilən tədbirlərdə iştirak və çıxışlar etmiş, həmçinin bədii rəhbəri olduğu “Detaşe” violin ansamblının muzeydə konsertləri böyük maraqla qarşılanmışdır. Muzeyin zəngin kolleksiyalarından Sizə Zəhra Quliyevanın bəzi fotoşəkillərini təqdim edirik.
Tədbirlər
|