20 avqust 2021
20 avqust 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin 109 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin əməkdaşları və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət etmişlər.
Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən görkəmli bəstəkar və dirijor Niyazinin əsərlərindən ibarət 7 məcmuə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinə hədiyyə edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə təməli qoyulan “Əbədi imzalar” layihəsi Azərbaycan mədəniyyəti, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliğ olunması üçün çox dəyərli tövhə olmuşdur. “Əbədi imzalar” layihəsində Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin musiqi külliyyatı – yüzdən çox əsəri toplu halında 71 məcmuədə nəşr olunmuşdur. Görkəmli bəstəkarlarımız Asəf Zeynallı, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov və Vasif Adıgözəlovun imzaları Azərbaycan musiqi irsinə qızıl hərflərlə həkk olunub, əbədiyyət qazanıb. Nəşr olunan əsərlərin çoxu ilk dəfədir ki, işıq üzü görüb.
Niyazinin Mənzil Muzeyində Maestro Niyazinin doğum günü münasibətilə tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunmuş 71 məcmuədən ibarət toplunun muzeyə hədiyyə olunmasına görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirmiş, gələcək tədbirlərdə muzeyə hədiyyə olumuş digər görkəmli bəstəkarlarımızın məcmuələrinin də təqdimatı keçiriləcəyi haqqında məlumat vermişdir.
Maestro Niyazinin doğum günündə görkəmli bəstəkar və dirijor Niyazinin əsərlərindən ibarət 7 məcmuə və not toplusu haqqında hazırlanmış videoçarx qonaqlara təqdim olunmuşdur.
Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təşkil olunmuş konsertdə Respublika və Beynəlxalq Müsabiqələr laureatları Nəriman Əmiraslanov, Şirin Əmiraslanova (f-no), Sevinc İbrahimova (vokal), Respublika və Beynəlxalq Müsabiqələr laureatı Hüseyn Nağıyev (kamança), Svetlana Əhmədovanın (f-no) ifalarında Nizami poeziyasından ilhamlanaraq Niyazi və görkəmli Azərbaycan bəstəkarlarının yazdıqları əsərlər səslənmişdir. Qeyd edək ki, konsertdə səslənən Qara Qarayev məktəbinin yetirməsi, Norveçdə yaşayan bəstəkar Qalib Məmmədovun “Yenə tövbə evimi...” romansı ilk dəfə ifa olunmuşdur.
Həmçinin “Açıq qapı” günü olmuş, gün ərzində ziyarətçilərə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş edilmişdir.
Tədbirlər
|
|