16 may 2021
Bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) 18 May Beynəlxalq Muzeylər Günü üçün “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunu seçmişdir. Müasir dövrdə və gələcəkdə texnologiyalar və iş metodları nə qədər inkişaf etsə də, muzeyi kolleksiyalarsız təsəvvür etmək çətindir. Muzey kolleksiyalarının təqdimatı əvəzedilməz olaraq qalır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illliyi ilə əlaqədar “Nizami və musiqi” sərgisi hazırlamışdır. Sərgi üzrə ekskursiya aparılacaqdır (canlı və onlayn). Sərginin açılışında muzeyin Qədim Musiqi Alətləri Ansamblının “Əsrlərdən gələn sədalar” adlı konserti təqdim ediləcəkdir (Ansamblın bədii rəhbəri, xalq artisti Munis Şərifov). Ansambl Nizami Gəncəvinin əsərlərində adları çəkilən çəng, barbət, dəf, rud, rübab və s. musiqi alətlərində ifa edəcəkdir. Bu alətlər sərgidə də nümayiş olunur. Konsert karantin qaydalarına uyğun olaraq 10 nəfərə qədər ziyarətçinin iştirakı ilə keçiriləcəkdir. Konsertin video çəkilişi aparılacaq və sosial şəbəkələrdə yayımlanacaq. Tədbirdə Nizami mövzusu üzrə viktorinalar təşkil ediləcək. Qalibləri mükafatlar gözləyir (muzey nəşrləri, disklər və sairə).
Tədbir 17 may 2021-ci il tarixində saat 15:00-da keçiriləcəkdir.
Həmçinin muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində “Nizami musiqidə” konserti keçiriləcəkdir. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifalarında Nizami Gəncəvi şeirlərinə Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərləri səslənəcək.
Konsert 18 may 2021-ci il tarixində saat 14:00-da olacaqdır.
Tədbirlər
|
|