7 may 2021
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamının icrası ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında “Azərbaycan aşıq sənəti muzey materiallarında” rubrikasını davam etdirir.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Mirzə Bayramovun (1888-1954) muzeydə qorunan fotoşəkillərini təqdim edirik.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Mirzə Bayramov 1888-ci il mayın 5-də Tovuzun Cilovdarlı kəndində anadan olmuşdur. Aşıq Hüseyn Bozalqanlıdan sənət dərsi almış və uzun müddət el məclislərinə ustadı ilə birgə getmişdir. Məlahətli səsi, zil zəngulələri, yüksək səhnə mədəniyyəti, misilsiz aktyorluq məharəti ilə seçilmiş və 1920-50-ci illərdə Azərbaycanda ən məşhur ifaçı aşıqlardan biri kimi şöhrətlənmişdir. Əməkdar mədəniyyət işçisi (1938) fəxri adına layiq görülmüş, AzərbaycanYazıçılar İttifaqının üzvü (1938) olmuş, Azərbaycan Aşıqlarının I (1928) və II (1938) qurultaylarında iştirak etmişdir. Böyük Vətən müharibəsində sazı və sözü ilə ön və arxa cəbhədə bütün qüvvələri səfərbərliyə almaqda xalqa kömək etmişdir. “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmişdir. Ustad aşığın ifaları Bakıda və Moskvada dəfələrlə yazıya alınmış, valları buraxılmışdır.
Aşıq Mirzə Bayramov Azərbaycan dastanlarının mahir ifaçısı olduğu üçün 1930-40-cı illərdə bir çox dastanlar onun repertuarından yazıya alınmış və müxtəlif antoloji nəşrlərə daxil edilmişdir. “Kərəmi”, eləcə də “Koroğlu” saz havalarının yüksək səviyyəli ifaçısı olduğuna görə xalq arasında “Kərəm aşığı”, və “Koroğluxan aşıq” kimi ad çıxarmışdır. “Mirzə dübeyti”, “Mirzə gözəlləməsi” kimi saz havaları onun bəstəçi-ifaçı istedadından yadigardır.
Rubrikalar
|
|