31 mart 2021
Tarixi yaddaşımızdan silinməyən
31 mart Azərbaycanlıların soyqırım günü
1918-ci il hadisələri nəticəsində Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Kürdəmirdə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə on minlərlə dinc adam vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məskənləri, şəhər, kənd və qəsəbələr dağıdılaraq viran qoyulmuşdur. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
30 mart - 3 aprel tarixlərində üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Təkcə Bakıda Azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 25 min azərbaycanlı öldürülmüşdür. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmiş, Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və dağıdılmışdır. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, bütövlükdə qəza üzrə 10 mindən yuxarı azərbaycanlı öldürülmuş və ya şikəst edilmiş, 50 min azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir
Bütün bu hadisələrə isə bolşevik dövlətinə qarşı olan əksinqilabçıların məhv edilməsi donunu geyindirib əslində bolşevik ordusunun 70 faizini təşkil edən erməni daşnaklarının və başçıları Şaumyan, Mikoyanların əməllərini ört-basdır etməyə çalışmışlar.
Həmin dövrdə maarifpərvər, ziyalı, mütərəqqi azərbaycanlı oğulları haqq səsimizi dünyaya çatdırmaq üçün əllərindən gələni etmişlər. Onlar arasında Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəyli də var idi. Bədii yaradıcılığa publisist və jurnalist kimi başlayan Üzeyir bəy 1905-1915-ci illərdə “İrşad”, “İqbal”, “Həyat”, “Yeni İqbal”, “Həqiqət”, “Tərəqqi”və b. qəzetlərdə, “Molla Nəsrəddin” jurnalında “Filankəs”, “Bikəs”, “Bəhmənkəs”, “Adı bəy, özü Filankəs”, “Bir şəxs” və başqa 65-dən yuxarı imza altında cəmiyyətdə baş verən hadisələr, narazılıqlar, azadlıq mübarizəsi, maarifpərvər ziyalılarımız haqqında publisist məqalələr, oçerklər, felyetonlar, satirik miniatürlər, parodiyalarla çıxış etmişdir. 1919-cu ildə “Azərbaycan” qəzetinin redaktoru işlədiyi zaman artıq peşəkar jurnalist idi. Cumhuriyyətin həyatı qəzetdə hərtərəfli işıqlandırılırdı. Üzeyir bəy tutarlı yazIları ilə gənc, müstıqil respublikanın düşmənlərinə cavab verir, ermənilərin törətdikləri qırğınlardan bəhs edir, xalqa öz dostunu da, düşmənini də tanıdırdı. 1918-ci il Mart soyqırımı haqqında məqalələrlə soyqırım haqqında həqiqətləri yazmış, hadisələrin səbəbkarlarının, fitnə-fəsad törədənlərin cəzalandırılması, yaxşı-yamanı ayırmağa çağırmış, günahsız qurbanlar haqqında həqiqətləri yazmışdı.
Üzeyir bəyin qardaşı, Ceyhun Hacıbəyli “Revyüdömond musulman” jurnalında 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirmişdir.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur
Ümumi xəbərlər
|
|