31 mart 2021
Cabbar Qaryağdıoğlu – 160 (31.03.1861- 20.04.1944)
31 mart 2021-ci il görkəmli xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun 160 yaşı tamam olur.
Cabbar Qaryağdıoğlu XlX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli incilərindəndir. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Cabbar Qaryağdıoglu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur. İlk təhsilini Şuşada Xarratqulunun məktəbində almışdır. Xalqın içərsindən çıxmış bu sənətkar özünün bütün həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünun 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmişdir.
Azərbaycanda opera sənətinin meydana gəlməsində onun rolu böyük olmuşdur. Opera səhnəmizin ilk aktyoru məhz Cabbar Qaryağdıoğlu olmuşdur. Belə ki, 1897-ci ildə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada tamaşaya qoyulan “Məcnun Leylinin məzarı ustündə” musiqili səhnəciyində Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olmuşdur. 1906-1912-ci illərdə “Sport-rekord”, “Ekstrafon” və “Qrammafon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava səhərlərində Cabbar Qaryağdıoğlunun səsi qrammafon valına yazılmışdır. Şərqin musiqi sənəti tarixində bunlar ən birinci yazılardır. C. Qaryağdıoğlu həm də bəstəkar və şair kimi tanınırdı. Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə ola bilməz. O, yaradıcı sənətkar idi. Bir muğamı iki-üç saat, bəzən isə böyük məclislərdə dörd saat oxuyardı. Cabbar Qaryağdıoğlu Azərbaycan filarmoniyasının və Azərbaycan radiosunun solisti olmuşdur.
Cabbar Qaryağdıoğlu Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağa tövsiyyə edərdi. O, bir sıra istedadli xanəndələr yetişdirmişdir. Onlardan Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov və bir çox başqaları Cabbar Qaryağdıoğlunun ənənələrini davam etdirmişlər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
Cabbar Qaryağdıoğlu 1944 - cü il aprelin 20-də 83 yaşında Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Cabbar Qaryağdıoğlunun anadan olmasının 160 illiyi münasibətilə muzeyin zəngin kolleksiyalarından “Cabbar Qaryağdıoğlu” virtual sərgisini təqdim edir.
Ümumi xəbərlər
|