10 mart 2021
Canəli Əkbərov (10.03.1940)
Tanınmış muğam ustadı, Xalq artisti, professor Canəli Əkbərovun bu gün 81 yaşı tamam olur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Canəli Əkbərovu doğum günü münasibətilə ürəkdən təbrik edir, sevimli xanəndəmizə möhkəm cansağlığı və uğurlar arzu edir.
Azərbaycan musiqi mədəniyyətinin tanıdılmasında böyük xidmətləri olan Canəli Əkbərov muğamın sirrlərini ilk olaraq atasından öyrənmiş, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş və öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə qastrol səfərlərində Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Canəli Əkbərov” virtual sərgisini təqdim edirik.
Ümumi xəbərlər
|