az | ru | en

6 fevral 2021
Ağaxan Abdullayev (06.02.1950-25.12.2016)


Milli muğam sənətinin görkəmli nümayəndəsi, xanəndə, pedaqoq, Xalq artisti Ağaxan Minaxan oğlu Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik şöbəsində, Seyid Şuşinskinin istedadlı tələbələrindən biri və layiqli davamçısı Nəriman Əliyevin sinfində təhsil almışdır. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlamışdır. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur.
Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışmışdır. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. O, 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlamış və muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləmişdir.
Güclü, məlahətli və geniş diapazonlu səsə malik sənətkar Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və özünəməxsus ifa tərzi ilə seçilərək Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Milli xanəndəlik məktəbinin nailiyyətlərinə sədaqətlə muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddət ərzindəki fəaliyyətinin qayəsini təşkil edirdi. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olmuşdur. Xanəndə özünün yüksək səhnə mədəniyyəti sayəsində muğam bilicilərinin ehtiramını və musiqisevərlərin məhəbbətini qazanmışdır. Respublikanın müxtəlif ansambllarının və eləcə də milli üçlüklərin müşayiəti ilə çıxış edən sənətkar Azərbaycan muğamını ənənə və novatorluğun vəhdətində üzvi şəkildə birləşdirərək müasir dövrdə onun pərəstişkarlarının sayının qat-qat artmasına nail olmuşdur. Xarici ölkələrdə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərinin və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Ağaxan Abdullayev milli mədəniyyətimizi layiqincə təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda - Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə məşhur konsert salonlarındakı çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Onun səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adını qazanmışlar. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası idi.
Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Ağaxan Minaxan oğlu Abdullayevin əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Ağaxan Abdullayev” virtual sərgisini təqdim edirik.





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.