az | ru | en

26 yanvar 2021
Musa Mirzəyev (26.01.1933-29.01.2016)


26 yanvar tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, professor, pedaqoq, “Şöhrət” və “Şərəf” ordenləri laureatı MUSA MİRZƏYEVİN doğum günüdür.
Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəsini zənginləşdirmişdir. Azərbaycan musiqisinin bu günkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır.
Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, 1947-1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxumuş, 1952-1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar, o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri - o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir.
Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur.
Bəstəkar uzun illər pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf etmiş, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs demişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərmişdir.
Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından bəstəkara aid bəzi materialları sizə təqdim edirik.





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.