24 yanvar 2021
Əşrəf Həsənov (24.01.1909 - 09.08.1983)
24 yanvar görkəmli Azərbaycan dirijoru, pedaqoq, Xalq artisti, peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri ƏŞRƏF HƏSƏNOVUN doğum günüdür.
Əşrəf Həsənov 1909-cu ildə Şəkidə (Nuxa, Yelizavetpol quberniyası) anadan olmuşdur. Musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) orkestr (1932) və Moskva Dövlət Konservatoriyasının dirijorluq (1938) siniflərində almışdır.
1932-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləmişdir. 1949-1962-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinifinə rəhbərlik etmişdir.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qlierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, N.Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə dirijorluq etmişdir.
Əşrəf Həsənov Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərlərində böyük uğurla Azərbaycan mədəniyyətini təmsil və təbliğ etmişdir. O, Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.
Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və Xalq Artisti fəxri adları ilə təltif olunmuşdur. Əşrəf Həsənov 9 avqust 1983-cü ildə Bakida vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından dirijora aid bəzi materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|
|