17 yanvar 2021
Hacı Arif Əsədullayev - 72
Bu gün tanınmış kamança ustası, Əməkdar incəsənət xadimi, professor, həyatının 50 ildən çoxunu sənətə həsr edən Arif Əsədullayevin doğum günüdür.
Arif Murtuza oğlu Əsədullayev 1949-cu il yanvar ayının 17-də Bakının Buzovna qəsəbəsində, ziyalı ailəsində anadan olmuşdur.
Arif Əsədullayev ilk musiqi təhsilini 10 saylı Maştağa musiqi məktəbində almışdır. A.Əsədullayev 1966-cı ildə Asəf Zeynallı adina Bakı orta ixtisas musiqi məktəbinin, xalq çalğı alətləri şöbəsinin kamança sinfinə daxil olur və 1970-cı ildə fərqlənmə diplomu ilə, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi kafedrasının kamança sinfinə daxil olur və 1975-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirir.
1963-cü ildən ifaçılıqla məşğul olmağa başlayan Arif Əsədullayev 1969-cu ilə kimi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, 1969-cu ildən sonra isə əməkdar artist Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında solist kimi fəaliyyət göstərmişdir.
Azərbaycan xalq musiqisinin təbliğatçısı və layiqincə tərənnümçüsü olan istedadlı kamança ustası Arif Əsədullayev dünyanın 20-dən artıq ölkəsində Azərbaycan xalq musiqisi ifaçısı adını şərəflə qorumuşdur.
Arif Əsədullayev “Muğam-68” respublika müsabiqəsində müşayətçi kimi iştirak etmiş, 1983-cü ildə Fransada keçirilən XXVI Beynəlxalq Folklor Festivalının, 1984-cü ildə Avstiyada keçirilən Beynəlxalq Folklor Festivalının və 1985-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin XII Ümumdünya Festivalının iştirakçısı və diplomantı olmuşdur.
Arif Əsədullayevin ifasında Şur, Şüştər, Rahab, Hümayun, Çahargah, Bayat-Şiraz və bir çox muğamlar Azərbaycan Dövlət Teleradio qapalı səhmdar cəmiyyətinin səsyazma fondunda saxlanılır. Arif Əsədullayev zəngin müşayətçilik təcrübəsinə malik sənətçidir.
1967-ci ildə ifaçılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olan Arif Əsədullayev 1997-ci ildən bu günə kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında (müəllim, baş müəllim, dosent) professor vəzifəsində çalışır.
Peşəkar ifaçı və təcrübəli pedaqoq Arif Əsədullayev bir çox tədris proqramlarının, elmi məqalələrin, “Çahargah” dəstgahı adlı tədris video-filminin (1999), Azərbaycan instrumental muğamları “Hümayun”, “Bayatı-Şiraz-2003”, “Rast”, “Çahargah”-2005, “Şur”, “Şüştər” və “Zabul segah”-2006,2007” İnstrumental Muğamlar”-2009, “Xarci ölkə bəstəkarlarının Kamança ilə fortepiano üçün işlənmiş iri həcmli əsərləri”-2011, Eldar İsgəndərov ilə birlikdə “7 Klassik Azərbaycan Muğamı” solo violonçel üçün işləmə-2011 dərs vəsaitlərinin və “Əhsən Dadaşovun rəngləri”-2011 metodik vəsaitinin müəllifidir.
Arif Əsədullayev Azərbaycan instrumental muğamlarını nota salan ilk ustad kamança ifaçısı və muğam bilicisidir.
Arif Əsədullayev 2007-ci il mart ayının 16-da professor Ramiz Zöhrabovun rəhbərliyi ilə “İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri ” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, “Musiqi sənəti” ixtisası üzrə Sənətşünaslıq namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Arif Əsədullayev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. Biz kollektivimiz adından Arif müəllimi ad günü münasibəti ilə təbrik edir, işlərində yeni- yeni nailiyyətlər arzu edirik!
Tədbirlər
|
|