26 oktyabr 2020
Azad olunmuş torpaqlarimizin musiqiçiləri
Ağabala Abdullayev (1910 - 1976) Qubadli rayonunun Çərəli kəndində anadan olmuşdur. Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı olmuş, muğamları ustad sənətkar Seyid Şuşinskidən öyrənmişdir. Özünəməxsus istedadı ilə, muğam sənəti sahəsində dərin biliyi ilə fərqlənən xanəndə el şənliklərində, konsertlərdə və teatr səhnəsində fəaliyyət göstərərək püxtələşmişdir. H.Sarabskinin və M.Həşimovun dəvətilə Füzulidə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan muğam operalarında çıxış etmiş, Məcnun, Kərəm, Əsgər, Sərvər (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) obrazlarını yaratmışdır.A.Abdullayev geniş diapazonlu və zəngin tembrli səsə malik olmuşdur. O, “Zabul Segah” muğamının təkrarolunmaz ifaçısı kimi yadda qalmışdır. Onun xüsusi şövqlə oxuduğu “Zabul Segah”, “Rast” muğamlarının, “Qarabağ şikəstəsi” zərbi muğamının səsyazısı AzRT Fondunda saxlanılır. A.Abdullayev həm də təcrübəli müəllim olmuş, böyük bir xanəndələr nəsli yetirmişdir. İslam Rzayev, Süleyman Abdullayev, Mais Məmmədov, Teymur Mustafayev və başqa xanəndələrə muğamın sirlərini öyrətmişdir.
Tədbirlər
|