az | ru | en

7 oktyabr 2020
“Azad olunmuş torpaqlarimizin musiqiçiləri”


Muzey şanlı Azərbaycan ordusu tərəfindən azad olunmuş torpaqlarımızın yetirmələri olan görkəmli musiqiçilər, şəxsiyyətlər haqqında yeni rubrikaya başlayır.
Bu gün Füzulidə anadan olmuş görkəmli Azərbaycan xanəndəsi, pedaqoq, Xalq artisti İslam Rzayev haqqında məlumatlar və muzey kolleksiyalarından materiallar təqdim edirik.
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzulidə dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.