az | ru | en

1 sentyabr 2020
Xatirə – Məcnun Kərim – 75 (01.09.1945-02.10.2013)



Bu gün Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimin 75 illik yubileyidir.
Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.
1959-1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.
1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərini öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.
1975-ci ildə o, artıq ilk qədim musiqi alətinin nümunəsini hazırlamış, nəticədə neçə-neçə elm və mədəniyyət xadimlərinin böyük dəstəyini qazanmışdı.
Məcnun Kərimov 1991-ci ildə Bakı Musiqi Akademiyasında “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada musiqi xəzinəmizin unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.
1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.
Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.
Məcnun müəllimin ən böyük arzularından biri də o idi ki, bu qədim musiqi alətləri yanlız muzey eksponatları kimi sərgilənməsin, həm də ansambl şəklində səsləndirilsin. Əlbəttə, onun bu istəyi də reallaşdı. Belə ki, 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində bərpa edilmiş musiqi alətlərindən ibarət ansambl yaratdı. Həmin il Ümumilli liderimiz Heydər Əliyev tərəfindən bu iş yüksək qiymətləndirilmiş və ansambla Dövlət statusu verilmişdi.
Məcnun Kərimin rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı bir çox qədim musiqi nümunələrini, xalq mahnılarını, rəngləri, təsnifləri işləyib hazırlamış, respublikamızda və dünyanın 20-dən artıq ölkəsində çıxış edərək Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ etmişdir.
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.