az | ru | en

26 avqust 2020
26 avqust – beynəlxalq Azərbaycan muğami və musiqisi günüdür



26 avqust tarixi muğamsevərlərin, bu sənəti qoruyub yaşadan, inkişaf və təbliğ edənlərin bayramıdır. Bütün dünyanı öz sehrinə salan bu sənətin xalqımızın tarixinə dərin kökləri, bağlılığı hər ilin bu günü bir daha diqqətə çatdırılır.
Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Yaşı bilinməyən muğamlarımızın müəllifi Azərbaycan xalqıdır. Onların bəstəkarı da, söz yazarları da xalq özüdür. Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yanız biz deyilik. “Çahargah”, “Rast”, “Şur”, “Humayun”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər.
Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Azərbaycan muğamı dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması buna bariz nümunədir. Regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar keçirilir.
Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Muğam televiziya müsabiqəsi” keçirir. Fond tərəfindən muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində təşkil olunan respublika Muğam Müsabiqəsində, Beynəlxalq Muğam Müsabiqəsində və beynəlxalq elmi simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.
Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan muğamının təbliğinə və inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva bu təkrarsız sənət haqqında deyib: “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hislər muğam fəlsəfəsinin əsasındadır. Odur ki desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir, - səhv etmərəm”.
Hələ qədim zamanlardan muğam dinləməkdən zövq alan azərbaycanlılar bu sənəti qoruyan, yaşadan, inkişaf etdirən sənətkarlara da hər zaman çox böyük hörmət, ehtiram bəsləyiblər. Texnikanın inkişaf etmədiyi vaxtlarda xanəndələrin möhtəşəm ifalarını lentə almaq, gələcək nəsillər üçün qorumaq mümkün olmasa da, xalq görkəmli sənətkarlarının adını, ifa tərzini yaşadıb. Onların sənət yolları ardıcılları tərəfindən davam və inkişaf etdirilib. Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Rzayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Yavər Kələntərli, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa istedadlı xanəndələr muğam sənətimizi ustad sənətkarlardan öyrənərək özlərinə məxsus səsləri, ifaları ilə ona yeni çalarlar qatdılar.
Bu gün də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında peşəkar musiqiçilərimizin və xanəndələrimizin rolu diqqətəlayiqdir. Onların dünyanın əksər ölkələrinin konsert salonlarında müxtəlif milli mənsubiyyətə, fərqli dilə mənsub tamaşaçıların qarşısında ifa etdikləri muğamlar musiqisevərlərin qəlbini riqqətə gətirir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.