20 avqust 2020
Xatirə: Niyazi – 108 (20.08.1912-02.08.1984)
20 avqust 2020-ci il tarixində SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin 108 yaşı tamam oldu.
Bu gün səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan Niyazinin Mənzil Muzeyinin rəhbərliyi və əməkdaşları, tanınmış mədəniyyət xadimləri, sənətsevərlər və qohumları görkəmli dirijor və bəstəkar Niyazinin Fəxri Xiyabandakı məzarını və abidəsini ziyarət etmişlər.
Saat 16:00-da Maestro Niyazinin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan – Türkiyə mədəni əlaqələri” Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn videokonfrans) keçiriləcəkdir.
Maestro ömrünün yarım əsrdən çoxunu Azərbaycan musiqisinə, Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsinə və inkişafına həsr etmişdir. O, böyük ustalıqla iki böyük sənəti: bəstəkarlıq və dirijorluq sənətini bir simada birləşdirməyi bacarmışdır. Niyazi Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmiş və Azərbaycan simfonizminin inkişafı prosesində mühüm rol oynayan bir sıra əsərlər yazmışdır.
Niyazinin “Zaqatala süitası”, “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra”baleti, simfonik orkestr üçün “Qaytağı”sı və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda Azərbaycan bəstəkarlarının bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin “Nərgiz”, Q.Qarayev və C. Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Borodinin “Knyaz İqor”, C.Bizenin “Karmen”, C.Puççininin “Bohema”, B.Smetananın “Satılmış gəlin” operalarını, S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “7 gözəl”, “İldırımlı yollarla”, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletlərini tamaşaya hazırlamışdır. Niyazi bütün həyatı boyu bir dirijor kimi Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Azərbaycan musiqi mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır. Onun əziz xatirəsi Azərbaycan xalqı, sənətsevər insanlar tərəfindən həmişə böyük hörmətlə yad ediləcəkdir.
Tədbirlər
|
|