17 avqust 2020
Xatirə: Müslüm Maqomayev (17.08.1942-25.10.2008)
Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayev anadan olmasının 78-cı ili tamam olur.
Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri vardır. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaratmışdır. Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynamışdır.
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin sənət dostu Müslüm Maqomayevin nəvəsi idi. Ailə mühitindən gələn tərbiyə və incəsənətə olan dərin məhəbbət hələ uşaqlıq illərindən Müslümü musiqiyə çəkirdi. Bir tərəfdən də ulu Tanrı ona geniş diapazona malik cazibədar, məlahətli səs bəxş etmişdi. Müslüm Maqomayev Helsinki şəhərində keçirilən Ümumdünya Musiqi Festivalında çıxış edərək beynəlxalq mükafat qazananda 20 yaşı var idi. Onun şöhrəti tezliklə keçmiş sovetlər birliyinin bütün respublikalarına yayıldı. Moskvada Çaykovski adına salonda tamaşaçılar ilk konsert verən azərbaycanlı ifaçını sürəkli alqışlarla qarşılayanda Müslüm 21 yaşına təzəcə keçmişdi. Görünür, bu da taleyin yazısıdır ki, Müslüm çox gənc ikən bütün dünyada məşhurlaşmışdı. Nahaq yerə ona "Bakı bülbülü" adını verməmişdilər ki?! Müslümü sevənlər arasında kimlər yox idi? Sadə əmək adamlarından başlamış dövlət rəhbərlərinə kimi hər bir insan bu səs sahibinin vurğunu idi. Hələ sovet dönəmində Müslüm Maqomayevi sovet estradasının "parlaq ulduzu", "kralı", "simvolu" adlandırırdılar. Faktdır ki, klassik ariya və mahnıları ilk dəfə estradaya məhz Müslüm Maqomayev gətirdi. SSRİ xalq artisti fəxri adını alanda Müslüm Maqomayevin 31 yaşı var idi. Hələ 22-23 yaşlarında gözəl və yumşaq tembrli, gur səsi ilə insanları öz nəfəsinin sehrinə salan, şöhrəti dünyanı dolaşan Müslüm Maqomayev bir çox operalarda ifa etdiyi partiyalara öz möhürünü elə vurmuşdur ki, biz onları ancaq o səsdə, o ahəngdə qəbul edə bilirik. Məsələn, "Sevilya bərbəri"ndə Fiqaro partiyası. İllərdir ki, o səsdəki qeyri-adilik, ritm, sehr qulaqlarımızdan çəkilmir. Mahnı yaradıcılığı ilə həmişə zamanın fövqündə dayanan Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər yer tuturdu. O, yalnız ifaçı deyildi, özü də gözəl mahnılar bəstələyərdi. Müslümün xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı ürəkləri fəth etmiş, dillər əzbəri olmuş ən gözəl əsərlərdən biridir.
Həyatının çox böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, canı, qanı ilə doğma torpağa bağlı idi. Dövrümüzün az qala əfsanəvi insanına çevrilmiş Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin milli sərvəti idi.
Ulu öndər Heydər Əliyev Müslüm Maqomayevin yaradıcılığına böyük rəğbət göstərirdi. Müslüm yaradıcılığına ən səmimi və dəqiq qiyməti yenə də məhz unudulmaz Heydər Əliyev verib: “Müslüm Maqomayevin nadir səsi, məftunedici səhnə istedadı, yüksək musiqi mədəniyyəti ona ifaçılıq sənətinin klassik opera və estrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir. Uzun illər keçsə də, həmin incilər bu gün də vokal ifaçılığının zərgər dəqiqliyi ilə, cilalanmış gözəlliyi ilə ruhumuzu oxşamaqda davam edir”.
Müslümün səsi konsert salonlarında, televiziya kanallarında, radio dalğalarında səslənməkdədir. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilib. Xalqımız mədəniyyətimizin bu parlaq nümayəndəsi ilə haqlı olaraq həmişə fəxr etmiş, onun professional musiqimizdəki xidmətlərini yüksək qiymətləndirmişdi. 2008-ci ilin payızından susan bülbülün səsi bizi heç zaman tərk etməyəcək.
Müslüm Maqomayevin xatirəsi bütün dünya musiqisevərlərinin yaddaşında həmişəlik yaşayacaq.
Tədbirlər
|
|