7 avqust 2020
Dövrümüzün dahi rəssami – Toğrul Nərimanbəyov -90
(07.08.1930-02.06.2013)
Dövrümüzün dahi rəssami – Toğrul Nərimanbəyov -90
(07.08.1930-02.06.2013)
Bu gün görkəmli Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun 90 illiyidir.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.
XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərləri dünyaca məşhurdur. Görkəmli rəssam 1952-ci ildən bədii sərgilərin iştirakçısıdır. Kuba, Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Moskva və ABŞ-da dəfələrlə fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov əsərlərində rənglərin öz musiqisi var. Görkəmli yapon rəssamı Ueno Mokato onu “...Əsərləri nəhəng musiqi notunu xatırladan rəssam” adlandırırdı. O, yaratdığı bütün rəsm əsərlərində rənglər və fırçası ilə də sanki oxuyurdu. Burada rənglə musiqinin həmahəngliyi, rəmzlərin dili və obrazların bitkinliyi ilə qeyri-adi kompozisiya yaradır. Bu isə musiqiyə həddindən artıq bağlı olan, gözəl səsə malik rəssamın daxili enerjisinin və sənətin, əsl sənətkarın təxəyyülünün hüdudsuzluğunun ifadəsidir. Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır”. Onun “Muğam”, “Musiqiçilər” adlı əsərlərinə baxarkən sənətkarın muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusilə xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi tamaşaçını, sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.
1974-cü ildə Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Fikrət Əmirovla başlanan ikinci uğuru isə "Min bir gecə" baleti ilə bağlıdır. 1980-ci ildə bu möhtəşəm musiqi əsərinə verdiyi bədii tərtibata görə Toğrul Nərimanbəyov yenidən Dövlət mükafatı ilə təltif olunub. Toğrul Nərimanbəyov Qara Qarayevin “Yeddi gözəl”, Fərəc Qarayevin “Qobustan kölgələri” baletlərinə tərtibat vermiş, “Yeddi gözəl” film-baletində geyimlərin eskizlərini hazırlamışdır. Rəssamın “Niyazi”, “Bülbül” (qrafika) portretləri musiqi xadimlərimizə olan məhəbbətini tərənnüm edir. Toğrul Nərimanbəyov görkəmli bəstəkarlarımız Qara Qarayevlə, Fikrət Əmirovla, görkəmli musiqiçi Mstislav Rostropoviçlə dostluq edirdi.
Toğrul Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. Rəssam etiraf edirdi ki, rəssam olmasaydı mütləq müğənni olardı. Olduğu bütün ölkələrdə rəssamlıq akademiyaları ilə yanaşı konservatoriyalara da gedər, buradakı vokal dərslərini dinləyərdi. Azərbaycan Dövlət Konservatoriyasında Bülbüldən də vokal üzrə məsləhətlər aldığını, Fikrət Əmirovun ona “...sənin simanda böyük müğənnimizi itirdik” deməsini özü müsahibələrinin birində söyləmişdi. Ən çox sevdiyi musiqi italyan ariyaları və ulu muğamımız idi. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.
Toğrul Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilmişdir. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq ifadəsidir.
Tədbirlər
|
|