18 may 2020
Beynəlxalq Muzeylər günü
18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
Ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlər ilə qeyd edəcək.
Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək. Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq.
Azərbaycan Milli Incəsənət Muzeyi isə 18 may saat 12:00-da tarixində ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edəcək. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgiy Quramoviç Quraspaşvillinin xüsusi metodikası ilə keçirilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən yaradılıb. Virtual sərgini muzeyin facebook, instagram və twitter səhifələrindən izləmək mümkün olacaq.
Bayram günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını üç dildə “Dinləyin bizdə nələr vardır”, “Təsviri sənət əsərləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” kimi müxtəlif rubrikalar altında geniş auditoriyaya təqdim edəcək. Təqdimatda sağlamlıq imkanları məhdud insanlar da nəzərə alınacaq. Muzeyin hazırladığı audio-video almanaxda milli və dünya ölkələrinin musiqi alətləri haqqında musiqi müşayiəti ilə səslənən postlarla yanaşı, muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının dünyadakı muzey işçilərini təbrik etmək üçün hazırladıqları onlayn bayram konserti də yer alacaq.
Beynəlxalq Muzeylər günündə YARAT Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə, multimedia layihəsini həyata keçirməyi planlaşdırır. Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olunacaq. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər. Əsərlər Azərbaycan Milli Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Marka Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaq. Bir sıra muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər, hazırda karantin rejimində yaşayan şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsi ilə nümayiş etdiriləcək. Tədbir zamanı tamaşaçılar mənzillərinin pəncərələri və eyvanlarından bu təqdimatı müşahidə edərək, öz dünyagörüşlərini genişləndirməklə yanaşı, bədii yaradıcılıq mövzusunda düşünmək imkanı verən muzey eksponatları ilə tanış olacaqlar.
Beynəlxalq Muzeylər Günü Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən də qeyd olunacaq. Muzey bu münasibətlə “Bir toxunuş, min dəyər" onlayn muzey tanıtım layihəsi hazırlayıb. Layihə çərçivəsində mayın 18-i, saat 10:20-də muzeyin Etnoqrafiya elmi fondunun müdiri t.ü.f.d. Sevinc Nəsirova İctimai TV-nin “Dikdaban” verilişində mədəni irsin qorunması və muzeylərin gələcək birgə fəaliyyəti barədə ictimaiyyətə məlumat verəcək.
Beynəlxalq Muzeylər Günü münasibəti ilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol!” kampaniyası elan edib. Bu kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğun facebook və instaqram hesablarında paylaşmalıdırlar. Həmin fotolar Qobustanın ICOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin 18 may saat 15:00-da yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğun facebook səhifəsində canlı görüş olacaq.
18 may tarixində “İçərişəhər” Muzey Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (İDTMQİ) ilə Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən İçərişəhərdə həyata keçirilən incəsənət və yaradıcı mədəni özünü ifadə üzrə ilk inklüziv peşə təhsili proqramı haqqında “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” adlı video-çarxı təqdim edəcəkdir.
Azərbaycan İstiqlal Muzeyi 18 may saat 12:00-da “Zoom” tətbiqi proqramı ilə cəmiyyətin həssas qrup vətəndaşları üçün “Bərabərlik” adlı onlayn ekskursiya keçirəcək.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi builki peşə gününə “Dünya bizim hamımızın” başlığı altında hazırladığı proqramla qatılacaq. Bura “Birgə və Sağlam İctimai Birlik” ətrafında toplaşan spektr pozuntular qrupundan olan uşaqların rəsmlərindən ibarət virtual sərgi və “Əsa” İnklüziv Teatrının “Göy quş” tamaşasının sosial şəbəkədən canlı yayımı daxildir. Virtual sərgi muzeyin facebook səhifəsindən saat 12:00, tamaşa isə 17:00-da yayımlanacaq.
Beynəlxalq Muzeylər Günündə Cəfər Cabbarlı Ev-Muzeyi tamaşaçılara “Dan ulduzu” adlı foto-sərgini təqdim edəcək. Sərgidə izləyicilər muzeydə qorunan nadir tarixi eksponatlarla, eləcə də muzeyin müxtəlif illərdə həyata keçirdiyi uğurlu layihələri və maraqlı tədbirləri əks etdirən fotolarla tanış olacaqlar.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi isə məktəblilər arasında 5-18 may tarixlərində “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” və “Mənim eksponatım” devizi ilə “Sirli-sehrli aləm” adlı onlayn rəsm müsabiqəsi keçirir. Gözəl rəsm çəkə bilən məktəblilər bu müddət ərzində sevdikləri hər hansı muzeylə və ya eksponatla bağlı rəsm əsərlərini öz şəkilləri ilə birgə muzeyin facebook və ya instaqram səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqəyə qatıla bilərlər. Qaliblər muzeyin fəxri diplomu və hədiyyələrlə mükafatlandırılacaqlar.
18 may saat 11:00-da Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi rəsmi facebook səhifəsi ilə “Halay” folklor musiqi və rəqs ansamblının ifasında “Folklorumuzun keçmişi və bu günü” mövzusunda virtual təqdimat keçirəcək.
Tədbirlər
|
|